Bu günlərdə bir çox tədqiqatçıların və şirkətlərin istinad etdiyi BP World Statistical Energy Review 2013 (adı çəkilən hesabat 1951-ci ildən nəşr edilir) hesabatı açıqlanmışdı.
Lakin Turan agentliyinə hesabatın Azərbaycana aid olan hissəsi qəribə gəlib. Belə ki, BP şirkətinin məlumatına əsasən, 2013-cü ildə Azərbaycanda gündə 931 min barel neft və ya ildə 46.2 milyon ton neft hasil edilib. Keçən il ilə müqayisədə neft hasilatı gündə 12 min barel və ya 500 min ton artıb.
2014-cü ilin 13 fevralında BP-Azərbaycan şirkəti Azərbaycandakı fəaliyyəti barədə hesabat açıqlamışdı ki, 2013-cü ilin nəticələrinə görə,”Azəri-Çıraq-Günəşli” yatağında 32.2 milyon ton neft (azalma 0.7 milyon ton) hasil edilib. “Şahdəniz” yatağında kondensat hasilatı isə 2.4 milyon ton (0.48 milyon ton artım) təşkil edib. Yəni, 2013-cü ildə BP-nin Azərbaycanda maye karbohidrogen hasilatı 220 min ton azalıb.
Qeyd edək ki, AÇG-də Azərbaycanın bütün neftinin 72%-dən çoxu hasil edilir.“Şahdəniz”də hasil edilən kondensatı da nəzərə alsaq, BP şirkətinin Azərbaycanın neft hasilatında payı 76%-dən çoxdur.
Azərbaycan Respublikasının statistika komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycanda 43 milyon 83 min 300 ton neft və kondensat hasil edilib. 2013-cü ildə artım 98.4 min ton təşkil edib.
SOCAR-a görə isə keçən il Azərbaycanda 43 milyon 483 min 900 ton neft və kondensat hasil edilib. SOCAR-da hesab edirlər ki, 2013-cü ildə neft hasilatı 94.1 min ton olub.
Turan agentliyi bu məsələ ilə bağlı BP-Azərbaycan şirkətinə müraciət edib. Lakin məlum olub ki, BP-Azərbaycan şirkətinin nümayəndələri adıçəkilən hesabatın hazırlanmasına birbaşa əlaqələri yoxdur. Hesabatı hazırlayanlar isə öz mənbələrinə əsaslanırlar.
Qeyd edək ki, son 6-7 il ərzində quruda əməliyyat şirkətlərinin və Azneft (SOCAR-ın hasilat qurumu) üzrə məlumatlar açıqlanmır. Əks halda şübhələr qalmazdı: Kim haqlıdı – BP yoxsa Azərbaycan. Digər tərəfdən xaricdə əsasən BP şirkətinin məlumatlarına əsaslanırlar.










