İyunun 3-də XXI “Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası” sərgisindəki ayaqüstü söhbət zamanı Fransanın “Total” şirkətinin “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki iştirak payının satışından sonra “Cənub Qaz Dəhlizi”nə daxil olan Transadriatik boru kəməri (TAP) layihəsini də tərk etmək istəyi barədə suala verilmiş cavab düzgün anlaşılmamış, bəzi kütləvi informasiya vasitələrində bununla bağlı doğru olmayan xəbərlər dərc edilmişdir.
SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevdən aldığımız məlumata görə, uzun müddət ərzində həyata keçirilən və dəyəri milyardlarla dollar həcmində ölçülən layihələrdə səhmdarlar arasında iştirak paylarını vaxtaşırı satan və yaxud artıran şirkətlərin olması mümkündür. O cümlədən, TAP layihəsində “Total”, “E.ON” və digər şirkətlər də öz paylarını satmaq hüququna malikdirlər.










