Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Rosneft” (Rusiya) şirkəti ilə birgə yaradacağı müəssisə Rusiya ərazisində hasilatın mürəkkəb olduğu yerlərdə neft çıxarmaqda maraqlıdır. Bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, SOCAR-ın bu sahədə mütəxəssisləri mövcuddur. “Bu şirkətin Sibirdə, Arktikada və Rusiyanın bir çox regionlarında layihələr həyata keçirir. Biz də bu layihələrin reallaşmasında yaxından iştirak etmək istəyərdik”.
Onun sözlərinə görə, hazırda bəzi perspektivli layihələr baxılma mərhələsindədir.
R. Abdullayev bildirib ki, Rusiyada çətin çıxarıla bilən neft ehtiyatları var: “Hazırda bu yataqlar işlənilmir. Bu yataqların ehtiyatları milyardlarla ton ola bilər. Ümumiyyətlə Rusiyada çoxlu imkanlar və perspektivlər var”.
Bundan əlavə o qeyd edib ki,”Rosneft” “Abşeron” yatağının işlənilməsinə maraq göstərir.
Abdullayev vurğulayıb ki, SOCAR-ın “Rosneft”lə birgə digər layihələri də baxılır. Rusiya şirkəti Bakı-Novorossiysk kəməri ilə Rusiyadan Bakıya neftin nəql olunması və bu neftin neft ayırma zavodlarında emal edilməsi məsələlərinin iqtisadi qiymətləndirilməsi aparılır”.
SOCAR rəhbəri qeyd edib ki, “Bakı-Novorossiysk neft kəmərinin illik ötürmə gücü 5 mln. ton təşkil edir və Azərbaycan bu imkanlardan da tam istifadə etmək niyyətindədir”.
Qeyd edək ki, 2014-cü ilin may ayında SOCAR ilə “Rosneft” arasında Rusiya və Azərbaycanda neft hasil etmək üçün müştərək şirkətin yaradılması barədə müqavilə imzalanıb. Sənədi Azərbaycan tərəfindən R.Abdullayev, Rusiya tərəfindən isə “Rosneft”in prezidenti İqor Seçin imzalayıb.










