2014-cü ilin birinci rübündə Azərbaycanın yanacaq-xammal ixracından gəliri $7 milyard 228.1 milyon təşkil edib.
Caspian Barrel Azərbaycan Mərkəzi Bankının tədiyə balansının məlumtına əsasən xəbər verir ki, 2014-cü ilin yanvar-martında neft, neft məhsulları və qaz ixracından gəliri 2013-ci ilin I rübündəki $7 milyard 841.8 milyona qarşı $7 milyard 138.7 milyon olub.
Hesabat dövründə neft ixracatından əldə edilən gəlir $6,7 milyard, neft məhsulları ixracatından isə $413,8 milyon təşkil edib.
İlin birinci rübündə Dövlət Neft Şirkətinin (SOCAR) ixracı dəyər ifadəsi ilə $261,5 milyon təşkil edib.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (“Azəri-Çıraq-Günəşli” yataqlarını istismar edir) ilin birinci rübündə $6 milyardlıq neft ixrac edib. Beləliklə, AÇG-nin Azərbaycanın neft ixracındakı payı dəyər hesabı ilə 89,5% təşkil edib. Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft, cari ilin I ilinin yekunlarına görə, ölkə üzrə hasilatın 75%-ni təşkil etmişdi.
Qeyd edək ki, AÇG-dən ixrac edilən neft istismar və kapital xərcləri və o cümlədən daşımalara çəkilən xərclər çıxılandan sonra “mənfəət nefti” olmaqla şirkətlər və dövlət arasında bölümür. Bu bölgü 2008-ci ilin ortasından 75% Azərbaycan dövlətinin xeyrinədir. 2016-cı ildən isə 80% təşkil edəcək (Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə əlaqədar əlavə razılaşma ilə əlaqədar). Şirkətlərə çatan 25%-in içərisində SOCAR-ın da payı var. Şirkətlər öz paylarını aldıqdan sonra isə Hasilatın Pay Bölgüsü Sazişinə müvafiq olaraq hər rüb 25% mənfəət vergisi ödəyirlər. Dövlətin mənfəəti isə tam şəkildə Neft Fondunun hesabına daxil olur. AÇG-dən daxil olmalar Neft Fondunun gəlirlərinin təqribən 95%-ni təşkil edir.








