Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Ümid” qaz-kondensat yatağının işlənməsini bundan sonra Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) əsasında aparmaq qərarına gəlib.
Qeyd edək ki,”Ümid” yatağı 2010-cu ilin noyabr ayında SOCAR tərəfindən kəşf edilib. Qazılan kəşfiyyat quyusu təqribən 6 min metr dərinlikdə məhsuldar layların olduğunu aşkar etdi. Aparılan qiymətləndirmə işləri nəticəsində SOCAR geologlarının verdiyi məlumata görə, bu yataqda 200 milyard təbii qaz və 40 milyon tona qədər kondensat ehtiyatı var.
2012-ci ilin sentyabrında yatağın istismarı başlamınıldı. Hal-hazırda “Ümid-1” stasionar platformasından üç quyu qazılıb, ancaq iki quyu istismar edilir. Hər iki quyudan gündə 1.3-1.35 milyon kub metr qaz hasil edilir.
Hazırda yatağın inkişafını “SOCAR Ümid” birgə müəssəsi aparır. Birgə müəssəsdə SOCAR 80% paya,”Nobel Oil” isə 20% paya sahibdir. “Ümid” yatağı Bakıdan 75 km,sahildən isə 40 km aralıda yerləşir.
Ancaq nədən SOCAR bu yataqda hasilatı birgə müəssisə formasında deyil, HPBS tipli müqavilə əsasında davam etdirmək qərarına gəlib? İş bundadır ki, yatağın kommersiya baxımından işlənməsi məsələlərində bu hazırda xarici partnyorlarla SOCAR-ın üstünlük verdiyi ən önəmli müqavilə formasıdır. İkinci bir məsələ isə, “Ümid” yatağının geoloji baxımdan heç də asan bir quruluşa malik olmamasıdır. Daha doğrusu, əgər SOCAR və onun”Nobel Oil” partnyoru müqavilə sahəsindən daha böyük həcmlərdə qaz hasil etmək planlarını ortaya qoymaq istəsələr, bu həm daha böyük investisiya, həm də daha mütərəqqi texnoloji sistemlərin tətbiqini tələb edəcək. Bu baxımdan çox güman ki, layihəyə yeni partnyorun və ya patrnyorların cəlb edilməsi məsələsi gündəmə gələcək. Təbii ki, o zaman hasil edilmiş qazın və kondensatın bölüşdürülməsi və qoyulmuş investisiyaların qaytarılması kimi məsələlər də olacaq.
Ona görə də belə bir şəraitdə “Ümid” qaz-kondensat yatağının artıq birgə müəssisə formasında işlənilməsi ilə gələcək inkişafına nail olmaq mümkün deyil.









