Bu ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 005,0 milyon manat, büdcə xərcləri isə 2 443,3 milyon manat təşkil edib. Bu barədə Fondun yaydığı məlumatda deyilir.
İlin ilk 3 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 006,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 991,2 milyon manat, tranzit gəlirləri 2,3 milyon manat, bonus ödənişləri 13,3 milyon manat təşkil edib.
2014-cü ilin yanvar-mart ayları ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 10,1 milyon manat təşkil edib. O cümlədən, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 60,8 milyon manat olub.
Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 70,1 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 5,6 milyon manat vəsait ayrılıb.
“Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 5,1 milyon manat vəsait ayrılıb. 3,0 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib.
Xarici dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 50,7 milyon manat təşkil edib.
Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 16,9 milyon manat olub.
2014-cü il aprelin 1-ə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən 2,07% artaraq 36 618,4 milyon ABŞ dollarına bərabər olub.
2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 aprel 2014-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edib.
Dövlət Neft Fondu 1999-cı ildə yaradılıb və ilk dövrdə aktivlərinin həcmi $271 milyon idi.









