I rübdə “Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” yataqlarından 8 mln. ton neft hasil edilib. Bu haqda “BP-Azerbaijan” şirkətinin I rübün yekunlarına dair açıqladığı hesabtda məlumat verilir.
Qeyd edək ki, 2013-cü ilin yanvar-mart aylarında “Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” yataqlarından 8,06 mln. ton neft hasil edimişdi.
“BP-Azerbaijan” şirkəti bildirir ki, cari ilin I rübündə müqavilə sahəsində orta sutkalıq neft hasilatı 645,8 min barrel təşkil edib.
I rübdə “Çıraq” platformasından sutkada 66,6 min barel, “Mərkəzi Azəri” platformasından 168,4 min barel, “Qərbi Azəri” platformasından 169,2 min barel, “Şərqi Azəri” platformasından 84,3 min barel, “Dərinsulu Günəşli” platformasından 146,2 min barel, “Qərbi Çıraq” platformasından 11,1 min barel neft hasil edilib.
Qeyd edək ki, 2013-cü ilin yekunlarına görə, AÇG-dən 32,2 mln.ton neft hasil edilib. Cari il üçün bu göstəricilərin aşağı düşməsi gözlənilir. Çünki konsorsium iki hasilat platformasında – “Mərkəzi Azəri” və “Qərbi Azəri”də təmir və rekonstruksiya işləri ilə əlaqədar olaraq hasilatı bir-neçə həftə tam dayandırmağı planlaşdırır.








