Bircə nəfər də kasıbı olmayan neft ölkəsi
Xəzər dənizi ətrafı ölkələrinin hamısı neft və qazla zəngindir, hazırda İrandan başqa bütün Xəzəryanı ölkələr (Azərbaycan, Türkmənistan, Rusiya və Qazaxıstan) eyni zamanda Xəzərdə də neft hasil hasil etməyə başlayıblar. Buna görə Xəzərin karbohidrogen ehtiyatlarına Qərbdə çox böyük maraq var və çox zaman bu hövzəni imkanlarına görə İkinci Ərəb Körfəsi adlandırırlar. Bəs Ərəb Körfəzinin neft və qaz ölkələri haqda nə bilirik? İlk silsilə yazımız Körfəzin ərazicə ən balaca dövləti sayılan (11,5 min kv.km) Qətər haqqında olacaq.
Dövlət quruluşu
İndi Qətər adlanan ərazi uzun müddərlər müstəmləkə torpaqları olub: portuqaliyalılardan tutmuş osmalılara qədər və nahəyət ingilislərin nəzarətində olub.
1 sentyabr 1971-ci ildə Qətər dövlət müstəqilliyini əldə edib. Ölkənin dövlət quruluşu Konsitusiyalı monarxiyadır. Dövlətin başçısı Əmirdir. Ölkədə 45 nəfərdən ibarət bir palatalı Məclis əl-Şura fəaliyyət göstərir ki, onun da 30 nəfəri seçilir, 15 nəfəri Əmir tərəfindən təyin edilir.
Qətər: müstəqilliyin başlanğıcında duran neft
Qətərdə ilk neft 40-cı illərdə tapılsa da, onu hasil etməyə İİ Dünya müharibəsi mane olub. Buna görə də Avropaya 15 min tonluq ilk neft partiyasını ingilislər yalnız 1947-ci ildə yola sala biliblər. Hailat həcmləri sonrakı illərdə böyük olmayıb.
Qətərin bəxti 1960-cı ildə “Shell” şirkətinin Körfəzdəki kəşfiyyat işlərinin müvəffəqiyyətlə başa çatdırılmasından sonra gətirməyə başladı. Belə ki, dəniz sularında ilk neft yatağı tapıldı. Ancaq bununla neft gəlirləri “fontan” vurmadı, çünki o zaman dənizdə neft hasilatı Qərb şirkətləri üçün də bir yenilik olduğundan bahalı bir sahə idi, xərci qurudakından qat-qat çox idi. Beləliklə, hər şey Qətərin dövlət müstəqilliyini elan etməsindən sonraya qaldı.
1975-ci ildə Qətər neft və qaz sənayesində hasilatla bağlı bir neçə sənəd qəbul etdi, xarici şirkətlərdəki pay hesabına Dövlət neft şirkəti “Qatar Petroleum” yaradıldı, xarici tərəfdaşların fəaliyyətinə yenidən nəzər yetirildi və nəticə çox keçmədi ki, öz bəhrəsini verdi. 1990-cı ildə Dövlət şirkətinin hasilatı gündəlik neft hasilatı 650 min barelə, 2005-ci ildə isə ilk dəfə olaraq 1 milyon bareli ötdü. Forbes jurnalının məlumatına görə, “Qatar Petroleum” şirkəti 2013-cü ilin yekunlarına görə, dünyanın ən iri neft-qaz şirkətləri içərisində 14-cü yerdə qərarlaşıb. Onun illik hasilatı 2,4 milyon barel neft ekvivalenti olub.
Müqayisə üçün qeyd edim ki, 2013-cü ilin nəticələrinə görə, Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) gündəlik hasilatı təqribən 350 min barel neft ekvivalenti olub, Azərbaycan üzrə bu göstərici isə 1,76 milyon barel təşkil edib.
Bir şey də maraqlı olar ki, “Qatar Petroleum” şirkəti ölkədə hasil edilən karbohidrogenlərin yalnız 50%-dən bir qədər çoxunu çıxarır. Yerdə qalan həcmlər isə xarici şirkətlərin payına düşür. Maraqlananalar üçün – 2012-ci ildə Qətərdə 83,3 milyon ton neft hasil edilib, yəni Qazaxıstanda hasil edilən neftdən təqribən 3 milyon ton çox.
BP Statistical World 2013-də açıqlanan hesabata görə, Qətərin bundan sonra çıxarıla biləcək neft ehtiyatlarının həcmi 2,5 milyard tondur.
Ancaq neft hasilatı Qətərin müstəqilliyinin ayağa “durmasında” və “möhkəmləndirilməsində” vacib rola malik idisə, qaz bu ölkənin XXI əsrdə Körfəzdəkı sərhədləri aşaraq Dünyaya bir ekspansiya siyasətinin başlanğıcını qoymuşdu. Çünki əvvəlcə qazın dünya bazarında olmayan dəyəri birdən birə qiymətdə 10 dəfə artması Qətərində istər-istəməz xüsüsi çəkisini artırırdı.
Qətərin yeni tarixini dəyişən hadisə 1997-ci ildən başlayır. Həmin il Körfəzdə “North Fild” qaz yatağının işlənməsinə start verlir. Bu nə yataqdır belə? Onun masştabı isə çox böyükdür. Dünyada təsdiq edilmiş qaz ehtiyatlarının 15%-i bu yataqda cəmləşib. Qətərin özünün isə təbii qaz ehtiyatları nə az, nə çox 25,5 trilyon kub metrdir. Yəni Türkmənistan kimi ucu-bucağı görsənməyən ölkəyən qaz ehtiyatlarından təqribən 8 trilyon kub metr çox. Qətər artıq dünyanın 3-cü qaz ölkəsidir, ondan irəlidə ancaq İran və Rusiya var. Bir maraqlı fakt da odur ki, Qətərin ən böyük qaz yatağı Körfəzdə İranın “Cənub Fars” yatağı ilə həmsərhəddir. İran Dünyanın ikinci qaz ölkəsi ola-ola faktiki hasil etdiyi 165 milyard kub metr qazdan 156 milyardını özünün daxili bazarına yönəltmiş, Qətər isə Qərblə əməkdaşlığı siyasəti nəticəsində qazdan qaz vurub qazan doldurmağa nail olmuşdu bu illər ərzində.
Hətta Qətərin paytaxtı Dohada gəzərkən adamda belə bir təsəvvür yaranır ki, bu şəhər reallıqda nef gəlirlərindən deyil, məhz qazın yaratdığı ab-havadan ucalıb. Sadəcə, Dohanın son 15 ildəki fotolarını seyr etmək kifayətdir.
Doğrudan da, eşidəndə ki, Dohada artıq Rusiyanın “Gazprom” şirkəti də 2013-cü ildən ofisini açıb, adam təəccüblənməyə bilmir. Çünki Rusiyanın qaz monopolistinin əslində yuxusna haram qatan Qətər qazının Avropaya artan həcmləri perspektivləridir. Belə ki, Qətər hazırda dünya üzrı sıxılmış qaz daşımalarının 31%-ni həyata keçirir və onun boru kəməri ixracı yoxdur. Rəsmi Doha Avropaya Yaxın Şərq ölkələri üzərindən boru kəməri vasitəsilə qaz ixracını həll edərsə, bu Rusiyanın iqtisadi maraqları üçün böyük zərbə olar. Ona görə də rəsmi Moskva ABŞ ilə sıx əlaqələri olan bu ölkə ilə çox diplomatik davranışlara malikdir.
Əlbəttə, bir ölkə ki, ildə 157 milyard kubmetr qaz hasil edir (məsələn, Rusiya və təsəvvür edin ki) və bunun 100 milyarddan çoxunu sıxılmış qaz şəklində (77 mln ton) ixraca yönəldir. Təkcə 40 milyard kub metrə yaxını Avropa bazarına çatdırılır (ümumi tələbatın 8,5%), yerdə qalanı isə Cənub-Şərqi Asiya bazarlarına yönəldilir. Qeyd etmək lazımdır ki, Qətər Qərb şirkətləri ilə birgə qazdan neft məhsulları istehsal etməkdə innovativ texnologiyaların tətbiqində böyük uğurlara imza atmış ölkələrdəndir. Əsasən də Shell korporasiyası ilə əməkdaşlıq nəticəsində yüksək qazdan sintetik yanacağln istehsal edilməsdidir.
Ölkədə 1 litr benzinin qiyməti, söhbət Ai-98 markalı benzindən gedir, cəmi 25 sentdir.
Qətər iqtisadiyyatı rəqəmlərdə (2012-ci il)
ÜDM — 198,7 mlrd dollar
ÜDM artımı — 10,7%
Adambaşına ÜDM — 103,7 min dollar
Dövlət gəlirləri — 68,8 mlrd dollar
Xarici borc — 82,1 mlrd dollar
İnflyasiya — 2,8%
Əhali – 1,9 mln (bunun 26% vətəndaşlığığı olan əhali)
Kasıblıq həddindən aşağı əhali — 0%
İşsizlik səviyyəsi — 0,4%
İxrac — 104,3 mlrd dollar
İdxal — 25,4 mlrd.dollar
İxracda xan neft və qazın payı – 85%
* Bir şeyi qeyd etmək gərəkdir ki, Qətər yüksək keyfiyyətli neft məhsulları istehsal edir və onlar ixrac edilir. Ancaq statistikada onlar emal məhsulu kimi göstərildiyindən neft və qaz sektorunun payı 85% olub.
* Qətərdə yerli əhali demək olar ki, işləmir. Xarici şirkət ölkəyə gələrkən, yerli vətəndaşın xeyrinə 51% olmaqla birgə müəsisə formasında təsis etməlidir. Ölkədə evsiz insan yoxdur, dövlət vətəndaşlarınının hər bir sosial ehtiyacını təmin edir. İstənilən səviyyədə təhsil pulsuzdur. O cümlədən xaricdə.
* Ölkədə ictimai nəqliyyat yoxdur, çünki ona ehtiyac yoxdur: hamının şəxsi avtomobili var – ancaq yollarda tıxac da yaranmır, infrastruktur və qayda-qanuna əməl edilməsi yüksək səviyyədədir.
Ernst & Young şirkəti nümayəndələrinin Oxford Economics institutu əməkdaşları ilə birgə apardıqları təhlillərin nəticələri göstərib ki, məhz Qətər son 10 ildə Ümumi Daxili Məhsulun artım tempinin Dünya reytinqində lider olub. Onun orta göstəricisi 13% təşkil edib. 2011-ci ildə bu göstərici 18% olmuşdu, 2012-də isə 10,7%.
Bu rəqəmlərdən də göründüyü kimi Qətərin neft və qaz ixracından böyük gəlirləri yaranır. Ancaq ölkə onu sağa-sola heç də necə gəldi xərcləmir. Bunu həyata keçirmək üçün bir sıra investisiya fondları yaradılıb.
2013-cü ilin fevralında investisiya portfeli 12 milyard dollar olan Doha Global Investment müstəqil investisiya Fondu yaradıldı. Onun məqsədi müəyyən problemlər üzündən satışa çıxarılan perspektivli xarici aktivlərin alınmasının həyata keçirilməsi idi. Təbii ki, bu vəsait ilkin kapitaldır. Bundan əvvəl isə Qətər xaricdəki aktivlərin alınmasında Qatar Investment Authority (Qətərin Suveren Fondu) ikmanlarından yararlanırdı ki, burada 100 milyardlıq bir aktiv cəmlənmişdi. Doha Global Investment müstəqil investisiya Fondu yaratmaqda əsas məqsəd xarici bazarda bankların öz real qiymətindən ucuz satışa çıxardıqları istənilən cəlbedici aktivə sahib çıxmaq idi. Sonradan gəmin aktivləri satmaqla yenidən gəlir əldə edir Fond. Yəni onun məqsədi bazarda uzunmüddətli aktivlərlə işləmək deyil.
Qətər fondları vasitəsilə artıq Fransanın neft və qaz nəhəngi Total şirkətinin 3% səhmlərinə nəzarət edir. Bundan əlavə Fransada Paris Saint-Germain futbol klubuna sahibdirlər, məşhur Vinci tikinti şirkətinin 5,6% səhmləri, Veolia şirkətinin 5% səhmləri və Lagardere media qpunun10,1% səhmləri də Qətərin investisiya fondlarına məxsusdur.
Qətər bununla kifayətlənməyib ABŞ-da Tiffany & Co (TIF) şirkətinin 5,2% səhmlərinə sahib şıxıb. Həmçinin dünyada bər-bəzək istehsalı ilə ad çıxarmış LVMH Moet Hennessy Louis Vuitton SA (MC) brendə də sahib olub. Və təbii ki, avtomobil sənayesi də Qətərin nəzarətindən kənar qalmayıb: Porsche-nin 10% səhmləri artıq onlara məxsusdur. İtaliyanın Sardinya adasındakı məşhur Smeralda Holding otellər şəbəkəsi də Qətərin nəzarətinə keçib. Dohadan olan investorlar Londondakı titullu Harrods univermağını da satın alıblar.
Sonuncu xəbər isə indilərdə yayılıb. Deutsche Bank bəyan edib ki, 8 milyard avroluq aktivlərini sata bilər və investro kimi Qətərin adını aşıqlayıb. Hazırda məsələ tənzimləyici orqanlar tərəfindən araşdırılır.
Nəticə
Qətərin isə planları böyükdür. Siyasi, iqtisadi və sair planlar hər an gündəmə gəlir və korrektə olur. Ona görə onların üzərində dayanmıram. Onları həyata keçirmək üçün bu ölkənin yetərincə maddi imkanları da var. Ancaq horizontda görünən və hər bir qətərli üçün təxirəsalınmaz plan – 2022-cü ildə ilk dəfə olaraq Yaxın Şərqdə Futbol üzrə Dünya Çempionatının Final mərhələsini yeksək səviyyədə qəbul etmək məsələsidir.
Bu məqsədlə hazırda Doha iri bir tikinti meydançasını xatırladır. Bunun üçün kondisionerli stadionlar da tikirlər, analoqu olmayan infrastruktur layihələrindən tutmuş idman-yaşayış komplekslərinədək. Yaxın bir neçə ildə təkcə Qətər paytaxtının çiçəklənməsinə 50 milyarddan artıq vəsait xərclənməsi nəzərdə tutulub.
Bir iş var ki, Qətər bütün dünyada neft və qaz ölkəsi kimi tanınsa da, onu məşhurlaşdıran daha iki brend var: artıq demək olar ki, hər kəsin tanıdığı, Al-Jazeera telekanalı və Qatar Airways aviasiya şirkəti…
İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin rəhbəri










