Qaradağ rayonunun Səngəçal qəsəbəsi yaxınlığında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inşa ediləcək Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin ərazisində, eləcə də Fransanın “Total” neft şirkətinə məxsus ərazilərdə aparılan mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatları zamanı 30 mina/PHS (partlamamış hərbi sursat) aşkar edilib və zərərsizləşdirilib. Bu barədə Trend-ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə meneceri Samir Poladov deyib.
Menecerin sözlərinə görə, təxminən son 6 ay ərzində ANAMA tərəfindən aparılan təmizləmə işləri nəticəsində partlamamış hərbi sursatların 25-i ARDNŞ-yə, 5-i isə “Total”a məxsus ərazidə tapılıb.
S.Poladov qeyd edib ki, aşkar edilmiş hərbi sursatlar arasında tank əleyhinə minalar, köhnə əl qumbaraları, 100 mm-lik top, 125 mm-lik tank mərmiləri, onlar üçün müxtəlif çeşidli fitillər, eləcə də digər partlayıcı maddələrin qırıntıları və s. var.
Adıçəkilən ərazilərdə minatəmizləmə əməliyyatları 2014-cü ilin sonunadək davam etdiriləcək.
Qeyd edək ki, vaxtilə SSRİ Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələrinin Bakı Hərbi Dairəsinə (30 hektar) və Müdafiə Nazirliyinin Xəzər Donanmasına (50 hektar) məxsus olan həmin ərazilərin müəyyən hissəsi təlim poliqonu kimi istifadə edilib.