Martın 15-də saat 15.15 radələrində “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsinin təmir briqadası tərəfindən “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-də təmir işləri aparılarkən işçilərin üzərində olduğu ferma estakadadan qoparaq 4 nəfər işçi ilə birlikdə dənizə düşüb.
SOCAR-ın rəsmi açıqlamasında bildirilir ki, 3 nəfər quraşdırıcı – Səfədur Zəkərəliyev, Mənsim İmanov, Mais Süleymanov iş yerində olan xilasedicilərin və işçi yoldaşlarının köməkliyi ilə dərhal sudan çıxarılaraq Neft Daşlarındakı Tibb-sanitar hissəsinə çatdırılmışlar, vəziyyətləri normaldır.
Suya düşənlərdən bir nəfəri – “Neftqaztikinti” trestinin 7 saylı TQİ-nin V dərəcəli quraşdırıcısı, 1956-cı il təvəllüdlü Hacıyev Musa Mirzəhüseyn oğlu isə dənizdə itkin düşüb.
Dalğıc gəmiləri hadisə yerinə səfərbər olunmuş, axtarış işləri nəticəsində M.Hacıyevin cəsədi 19:00 radələrində dənizdən çıxarılaraq sahilə göndərilmişdir.
Hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmri ilə yaradılmış komissiya araşdırmalara başlamışdır. Araşdırmanın nəticələri haqqında ictimaiyyətə məlumat veriləcəkdir.