Qafqaz Universiteti başda olmaqla, “Çağ Öyrətim İşlətmələri”nin Azərbaycanda fəaliyyət göstərən məktəbləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nəzarətində olan Beynəlxalq Təhsil Mərkəzinin tabeçiliyinə keçib.
Gün.Az xəbər verir ki, bu barədə ANS TV-yə müsahibəsində SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov bildirib.
Onun sözlərinə görə, türk təhsil kurikulumları ilə işləyən 11 “Çağ Öyrətim” məktəbi, 13 “Araz” kursları Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin tərkibinə birləşiblər.
“Biz yeni bir Azərbaycan Beynəlxalq Təhsil Kompleksi yaratdıq. Onlar hamısı Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin tabeçiliyində fəaliyyət göstərirlər. Qafqaz Universiteti Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin tərkibində müstəqil ali məktəb kimi fəaliyyət göstərir”, – deyə, SOCAR-ın vitse-prezidenti qeyd edib.
Qeyd edək ki, SOCAR-ın təsisçiliyi ilə yaradılan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinə Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici ölkələrə məxsus nüfuzlu məktəblər daxildir.