2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından 2013-cü ilin axırınadək BTC vasitəsilə 245,4 milyon ton (təxminən 1 milyard 835 milyon barrel) nəql edilib.
Gün.Az “BP-Azerbaijan” şirkətinin ötən illə bağlı hesabatına istinadən xəbər verir ki, bu miqdarda xam neft Ceyhanda 2 390 tankerə yüklənib və dünya bazarlarına göndərilib. Ötən il isə BTC vasitəsilə 33 milyon ton (247,2 milyon barrel) xam neft ixrac olunub.
2013-cü ildə ixrac olunan xam neft Ceyhanda 329 tankerə yüklənərək bazarlara yola salınıb.
Qeyd edək ki, hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə Tengiz neftinin nəql olunması bərpa olunub. BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon barreldir.
BTC Co.-nun səhmdarları: BP (30,1%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) limited (2,36%) şirkətləridir.
Qeyd: 2013-cü il, martın 28-də ONGC Videş Limitid (OVL) şirkəti Hess (BTC) Limitid şirkətinin müvafiq payının alınması prosesini başa çatdırdığından səhmdarların siyahısında Hess (BTC) Limitid şirkəti ONGC (BTC) Limitid şirkəti ilə əvəzlənib.