Aprelin 18-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Azərbaycan Milli Məclisinin üzvü Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunun Candar qəsəbəsində “Agroinvest146” şirkətinə məxsus soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir.
Mərasimdə həmçinin Gürcüstan baş nazirinin müavini Giorgi Kvirikaşvili, Kvemo-Kartli regionunun qubernatoru Paata Xizanişvili, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn və başqa rəsmi şəxslər iştirak etmişlər. Bildirilmişdir ki, Kvemo-Kartli regionuna xidmət göstərəcək kompleks Azərbaycanın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri çərçivəsində istifadəyə verilmişdir.
Obyektin tikintisi 2013-cü ilin martında başlamış və “AkkordGeorgia” şirkəti tərəfindən həyata keçirilmişdir. 2 hektarlıq ərazini əhatə edən kompleksə ofis və yardımçı bina, 12 soyuducu və bir saxlama kamerası, transformator (elektrik şəbəkəsi) üçün bina, təhlükəsizlik binası, çəki məntəqəsi və su rezervuarı daxildir.
Soyuducu kameraların sahəsi 4 250 kvadrat metrdir. Ət və balıq məhsulları üçün nəzərdə tutulan iki kameranın -5°C-dən -20°C-dək soyutma imkanı var. Temperaturun -5°C-dən +5°C -dək dəyişdiyi digər 10 kamerada isə meyvə və tərəvəz saxlanılacaq. Kompleksin imkanları 2 100 ton müxtəlif, 1 000 ton kənd təsərrüfatı məhsullarının saxlanılmasına hesablanmışdır. Müasir standartlara cavab verən soyuducu sistem Türkiyənin İMGE şirkəti tərəfindən quraşdırılmış, Almaniya istensalı olan hissələrlə təmin edilmişdir. Ərazidə müşahidə kameralarının quraşdırılması da nəzərdə tutulmuşdur. Layihəyə görə kompleks 2×630 kilovatt yüksək gərginlikli enerji ilə təmin olunmuşdur.
SOCAR prezidenti, Azərbaycan Milli Məclisinin üzvü Rövnəq Abdullayev, Gürcüstan baş nazirinin müavini Giorgi Kvirikaşvili, Kvemo-Kartli regionunun qubernatoru Paata Xizanişvili, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn açılışdan sonra anbar kompleksinə baxış keçirmiş, qəsəbə sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlanmış, soyuducu anbar kompleksinin kollektivinə uğurlar arzulamışlar.