500 mln vəsait xərcləyib 20 min manatlıq qaza qənaət etməklə alternativ energetika yaratmaq Azərbaycanın nəyinə lazımdır?
Xəzər dənizi akvatoriyasında estakadalar üzərində külək elektrik stansiyasının tikintisi ildə təqribən 200 min kubmetr qaza qənaət etməyə imkan verəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədri Akim Bədəlov deyib.
Agentlik rəhbərinin sözlərinə görə, bu layihə “Neft Daşları” kimi dünyada birinci olacaq.
O bildirib: “Biz əvvəllər estakadalardan istifadə etmədən suda elektrik stansiyası tikməyi düşünürdük. Lakin bu halda layihənin dəyəri bir milyard manatdan çox təşkil edərdi. Elektrik stansiyasının estakadalar üzərində inşası təxminən 500-550 milyon manata qənaət etməyə imkan verəcək. Bir neçə Çin şirkəti layihəyə cəlb edilib”.
A.Bədəlov əlavə edib ki, külək elektrik stansiyası Xəzər dənizindəki estakadalarda Pirallahı və Çilov adaları arasında tikiləcək və onun gücü 200 meqavat təşkil edəcək: “Layihəyə əsasən iki ada arasında körpü tikiləcək. Bundan başqa, layihə bu ərazidə ekoloji turizmin inkişafını nəzərdə tutur. Külək enerjisinin qalığından Pirallahı rayonunda suyun şirinləşdirilməsi üçün istifadə ediləcək”.
Caspian Barrel isə qeyd edir ki, Bədəlov jurnalistlərə bir məqamı açıqlamayıb ki, külək elektrik stansiyası necə turbindən ibarət olacaq? Pirallahı və Çilov adaları arasında məsafə təqribən 20 kilometrdən çoxdur və bu iki adanı estakada vasitəsilə ilə birləşdirmək nəzərdə tutulursa (körpü deyəndə çox güman ki, buna işarə edilirdi), hər turbinin gücü də 8-10 meqavat arasında dəyişəcəksə, onda təqribən 20-25 turbin quraşdırılmalıdır.
ABOEMDA sədrinin sözlərinə istinad etsək, belə güman etmək olar ki, bu layihənin qiyməti 500 milyon manatdan aşağı olmayacaq. Bu qədər vəsaiti xərcləyib ildə 200 min kub metr qaza qənaət etmək isə başa düşülən deyil. Çünki 200 min kubmetr qazın kommersiya qiyməti elektrik enerjisi hasil edən dövlət şirkəti üçün (“Azərenerji” ASC) cəmi 20 min manat deməkdir.
İkincisi, əgər alternativ enerjidən səmərəli istifadə məsələsi gündəmdədirsə ABOEMDA hesabat verməliydi ki, 2010-2015-ci illərdə ölkənin alternativ energetikasına bütün mənbələrdən nə qədər investisiya xərclənib və nəticədə illər üzrə külək, günəş və mini-hidro elektrik stansiyalarında hasilat dinamikası necə dəyişib. Əgər bunun iqtisadi səmərəsi ötən illərdə öz əksini praktikada tapmamışdırsa, onda dövlət büdcəsindən vəsaitləri və ya xarici qrantların bu sahəyə bundan belə yönəltməyin mənası nədir? Axı xarici ölkələrin praktikası belə deyil.
P.S. 2015-ci il 21 noyabr tarixində ABŞ-da küləkdən alınan enerjinin maya dəyəri istilik elektrik stansiyalarında qazdan alınan elektrikin maya dəyəri ilə bərabərləşdi – 1 kVt\saat üçün 1.4 sent.
O ki, qaldı dünyanın ən nəhəng alternativ enerji mənbəli elektrik stansiyalarına, əsasən də küləkdən alınan enerji hesabına, onların sırasında 175 turbindən ibarət və 630 meqavat gücə malik “London Array” elektrik stansiyasını göstərmək olar. Sonrakı ən güclü stansiya da Böyük Britaniyada yerləşir (Saffolka): 140 turbin 504 meqavat.