Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, “Abşeron” yatağında ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.
“Əlbəttə, “Şahdəniz” qaz yatağı ilə müqayisədə “Abşeron” yatağı ehtiyat nöqteyi-nəzərindən daha kiçikdir”, deyə dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın həm enerji təhlükəsizliyi daha yüksək səviyyədə təmin ediləcək, həm də ixraca gedən qazın həcmi ildən-ilə artacaq – təkcə “Şahdəniz” yatağı hesabına deyil, o cümlədən “Abşeron” yatağında əldə edilən və ediləcək qaz hesabına.
“Abşeron”un birinci fazası artıq icra edilir və yəqin ki, SOCAR öz xarici tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı tezliklə daha fəal danışıqlara başlamalıdır. Yenə də deyirəm, biz bu qədər gözəl nəticələri gözləmirdik. Bu, çox gözəl bir xoş xəbər oldu və Azərbaycanın enerji potensialına kölgə salmağa çalışan bəzi dırnaqarası ekspertlərə də çox yaxşı, tutarlı cavab aldılar. Ona görə bundan sonra bizim qaz ixrac planlarımız daha tez bir zamanda və daha böyük həcmdə təmin ediləcək”, – deyə Azərbaycan prezidenti bildirib.
Caspian Barrel bildirir ki, iyulun 10-da Fransanın “TotalEnergies” şirkəti SOCAR-la birgə Xəzər dənizində Abşeron” qaz-kondensat yatağının işlənilməsinin I mərhələsi çərçivəsində hasilata başladıqıarənə açıqlayıblar.
“Bu faza çərçivəsində gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat hasil edilməsi planlaşdırılır. Qaz Azərbaycanın daxili bazarında satılacaq”, – “TotalEnergies” şirkətinin saytında dərc olunan press-relizdə deyilir.
“Abşeron” yatağının işlənməsi ilə “SOCAR Absheron” (50%) və “TOTAL E&P Absheron” (50%) tərəfindən təsis edilmiş “Joint Absheron Petroleum Operating Company” (JOCAP) məşğul olur. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. 2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. Yataq 350-360 milyard kubmetr qaz və 100 milyon ton kondensat ehtiyatına malikdir. Yataq mərhələli şəkildə işlənəcək.
Birinci mərhələdə ildə 1,5 milyard kubmetr qaz və 500 min ton kondensat hasil olunacaq.