Böyük Britaniyanın ABB Ltd şirkətinin neft, qaz və kimyəvi maddələr üzrə marketinq meneceri Vil Leonard və ABB Azərbaycan şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində rektor Elmar Qasımovla görüşüblər.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, görüşdə rektor E.Qasımov qonaqlara BANM-in fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətləri və yeni kampusu haqqında məlumat vermiş, 2016/2017-ci tədris ili üçün keçirilən 1-ci ixtisas qrupları üzrə qəbul imtahanında 700 bal toplayan üç abituriyentin BANM-ni seçdiyini bildirilib.
E.Qasımov BANM-nin yeni kampusunda yaradılan və ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzində aparılan tamamlama işlərinin gedişatını müzakirə edib.
Böyük Britaniyanın ABB Ltd şirkətinin neft, qaz və kimyəvi maddələr üzrə marketinq meneceri Vil Leonard təmsil etdiyi şirkətin BANM ilə əməkdaşlığını yüksək qiymətləndirmiş, yaradılan Mərkəzdə tələbələr və müəllimlər üçün ABB şirkətinin texnologiyalarının tətbiqi əsasında təlimlərin keçirilməsi və tədqiqatların aparılması imkanının olacağını bildirib.
Görüşdə qarşılıqlı əməkdaşlığın digər istiqamətləri və perspektivləri müzakirə olunub.