“Azneft” İstehsalat Birliyi (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu – İF-Az) 2016-cı ilin yanvar-sentyabr aylarında 4 mln. 703,7 min ton neft hasil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azneft”dən məlumat verilib.
İstehsalat Birliyinin xətti ilə 9 ay ərzində qaz hasilatının həcmi 4,2 mlrd. kubmetr təşkil edib (plan 100,9% yerinə yetirilib).
2016-cı ilin əvvəllərindən “Azneft”in sifarişi ilə 43 yeni quyu istismara verilib və bu quyulardan 78 min ton neft hasil edilib.
Cari ilin yanvar-sentyabr aylarında İB-nin fəaliyyətdə olmayan quyu fondundan 77 quyu qaytarılıb və əlavə olaraq 39,5 min ton neft hasil edilib.
Hesabat dövründə 469 quyuda aparılmış geoloji tədbirlər nəticəsində əlavə olaraq 146 min ton neft çıxarılıb.
Xəbər verildiyi kimi, 2015-ci ildə “Azneft” İB 6 mln. 778 min ton neft və 6,1 mlrd. kubmetr qaz istehsal edib.
2016-cı ildə neft hasilatı 6,3 mln. ton səviyyəsində proqnozlaşdırılır.