Onlara regionlarda 300-500 manat arası maaş təklif ediləcək
“Azəriqaz” İstehsalat Birliyində 1000 nəfərə yaxın işçi qüvvəsinə ehtiyac yaranması ilə əlaqədar olaraq SOCAR İB-nin regionlarda fəaliyyət göstərən xidmət sahələrinə “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə təlim keçməklə işə qəbul müsabiqəsi keçirir.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov məlumat verib.
Xaliq Məmmədov vurğuladı ki, müsabiqə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə SOCAR arasında imzalanan əməkdaşlıq haqqında memorandum çərçivəsində həyata keçirilir: “Son illər ölkədə qazlaşdırmanın səviyyəsi yüksəlib. Bu məqsədlə geniş miqyaslı tikinti-quraşdırma tədbirləri həyata keçirilib. Bu da işçi qüvvəsinə ehtiyac yaradıb. Əvvəlcə iddiaçıların sənədləri elektron (www.socar.az veb-səhifəsinin “karyera” bölməsi vasitəsilə) qaydada və ya rayon məşğulluq mərkəzləri vasitəsilə qəbul ediləcək.
Test imtahanlarında yüksək nəticə göstərmiş 1000 nəfər seçiləcək, onlardan 410 nəfəri isə dərhal işə başlayacaq. Qalanlar isə 1 il ərzində hər ay vakansiya yarandıqca işə qəbul olunacaq”.
Daha sonra işə qəbul imtahanının detalları barədə ətraflı məlumat verildi. Bildirildi ki, imtahanda orta məktəbin 6-7-ci sinif səviyyəsində riyaziyyat fənnindən suallar veriləcək.
Sənədlərin qəbulu sentyabrın 23-29 aralığında davam edəcək. İmtahanlar isə 7 regional mərkəzdə oktyabrın 2-4-də baş tutacaq. Nəticələr oktyabrın 5-i elan olunacaq. Yüksək nəticə göstərənlərə 10 gün təlim keçəndən sonra növbəti dəfə imtahan olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev işə qəbul olunacaq şəxslərin maaşı ilə də bağlı məlumat verdi: “Bizdə 3-cü və 5-ci dərəcəli işçilərə tələbat var. Ona görə də buna uyğun olaraq 300-500 manat arası maaş alacaq. Onlara 60 manat yemək pulu da veriləcək”.
Məlumat üçün bildirək ki, müsabiqədə yaşı 30-dan yuxarı olmayan, minimum tam orta təhsilli, fiziki cəhətdən sağlam olan, ilk növbədə regionlarda daimi yaşayan Azərbaycan vətəndaşları (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonlarından başqa) iştirak edə bilərlər.