Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib.
Bu haqda Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytında məlumat verilir.
ACE platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19600 tondur.
Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində Azfen şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqlar artıq 95% tamamlanıb.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz:
“Cənab Prezident İlham Əliyevi ACE platformasının üst modullarının tikildiyi istehsalat sahəsində qarşılamaq və ona layihədə əldə olunmuş möhtəşəm uğurlar barədə məlumat vermək qürurverici idi.
Üst modulların tamamlanması ACE layihəsinin yekunlaşması istiqamətində son mühüm mərhələlərdən biridir. Hazırda sahədə istismar sınaqları aparılır və bu işləri 2023-cü ilin ikinci rübündə başa çatdırmağı planlaşdırırıq. Bundan sonra üst modullar STB-1 daşıma barjasına yüklənəcək, dənizə göndəriləcək və artıq AÇG yatağı sahəsində öz yerində olan dayaq blokunun üzərinə quraşdırılacaq. Daha sonra bizə bir neçə ay lazım olacaq ki, tikinti işlərinin və istismar sınaqlarının dənizdə aparılacaq hissəsini tamamlayaq və sonra ACE platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün birinci quyunu qazmağa başlayaq.
ACE layihəsinin həyata keçirilməsində göstərdikləri əvəzsiz dəstəyə görə cənab Prezident İlham Əliyevə və Azərbaycan Hökumətinə öz təşəkkürümü bildirirəm. Həmçinin SOCAR-a və bütün tərəfdaşlarımıza dəstəklərinə görə və layihənin gerçəkləşməsində zəhməti olan hər kəsə – bp-nin, Azfen-in, digər podratçı və subpodratçı təşkilatların əməkdaşlarına minnətdarlığımı bildirmək istəyirəm”.
“bp-Azerbaijan” şirkətinin yaydığı məlumata əsasən, Layihənin pik dövründə üst modulların tikintisi işlərinə 4400 nəfərədək işçi cəlb edilib və onların 90%-dən çoxu Azərbaycan vətəndaşı olub.
Sahədə əməyin təhlükəsizliyi üzrə göstəricilər yüksək səviyyədədir – üst modulları inşa edən işçi heyəti bu yaxınlarda heç bir xəsarətə yol vermədən 20 milyon iş saatı icra edilməsini qeyd edib.
Caspian Barrel