logo

Azərbaycan yanvar-sentyabr aylarında Türkiyəyə qaz ixracını 4% azaldıb

Views: 438

Azərbaycan 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 6 milyard 409,65 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 4,4% azdır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.

2022-ci ilin sentyabr ayında Azərbaycandan Türkiyəyə 710,48 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,73% azdır. Sentyabr ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 20,89%-i Azərbaycanın payına düşüb.

Azərbaycan sentyabr ayında Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pillədə qalıb. Birinci yerdə Rusiya (45,27%), ikinci yerdə İran (25,12%), dördüncü yerdə Əlcəzair (8,72%) qərarlaşıb.

Cari ilin sentyabr ayında Türkiyəyə 3 milyard 401,37 milyon kubmetr qaz (2021-ci ilin sentyabr ayı ilə müqayisədə azalma 20,56%) ixrac edilib. 3 milyard 104,86 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 91,28%-i, azalma 14,43%), 296,51 milyon kubmetr (bütün ixracın 8,72%-i, azalma 54,59%) isə LNG-nin payına düşüb.

Sentyabrda Türkiyəyə qaz ixracı 4 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair (LNG)) həyata keçirilib.

Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.

2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında 2024-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir. Müqavilə üzrə 2022-ci il üçün nəql 2,55 milyard kubmetr, illik ixrac pik həddə 3,7 milyard kubmetr həcmində nəzərdə tutulub.

2021-ci ildə Azərbaycan Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 820,24 milyon kubmetr qaz (azalma 22,7%) ixrac edib.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%).

interfax

0

Your Cart