Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycandan elektrik enerjisi idxalı məsələsində Türkiyə tərəfinə müraciət etdiyi barədə məlumat verib.
“Mən ondan (Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğandan) xahiş etdim ki, bizə köməklik etsin… Azərbaycandan elektrik enerjisinin ötürülməsində”, – Vuçiç sentyabrın 7-də Belqradda Ərdoğanla birgə mətbuat konfransında bildirib.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi “Reuters”ə istinadən məlumat yayıb.
Əvvəl avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri İlham Əliyev və Aleksandr Vuçiç arasında keçirilən telefon danışığının yekunlarına dair Serbiya dövlət başçısının dəftərxanasında bəyan ediblər ki, Serbiya əlverişli şərtlərlə Azərbaycandan elektrik enerjisi ala bilər.
Orada qeyd ediblər ki, Vuçiç elektrik enerjisinin təminatında köməklik üçün Əliyevə müraciət edib və Azərbaycanın dövlət başçısı bu xahişə müsbət cavab verib, Serbiyanın Azərbaycandan əlverişli şərtlərlə elektrik enerjisi almasına dair dövlətlərarası sazişin təsdiqindən söz açıb.
Caspian Barrel əlavə edir ki, ötən il Azərbaycan 1,6 mlrd kVt/saat həcmin elektrik enerjisi ixrac edib, amma bütün ixrac Azərbaycanla həmsərhəd ölkələrin (Ermənistan istisna olmaqla) payına düşüb. Rəsmi Bakı gələcəkdə onun elektrik enerjisi ixrac potensialının 5 mlrd kVt/saata qədər artırılmasını mümkün hesab edir.
Azərbaycanın elektrik enerjisinə son zamanlar Avropadan maraq artıb. Avropada hesab edirlər ki, gələcəkdə Azərbaycandan qazın idxalı karbon emissiyasının 2050-ci ildən “sıfıra endirilməsi” tələbi ilə əlaqədar elektrik enerjisinin idxalı ilə əvəzlənə bilər. Və bunun üçün Gürcüstan sahillərindən Qara dənizin dibi ilə Avropaya yüksək gərginlikli elektrik enerjisi magistralı infrastrukturu yaratmaq yetərlidir.