logo

Nazir: Azərbaycan bu il Avropaya qaz ixracını 40% artıracaq

Views: 196

Azərbaycan 2022-ci ildə Avropaya qaz təchizatını 2021-ci illə müqayisədə 40% – 11,5 milyard kubmetrə qədər artıracaq. Bunu energetika naziri Pərviz Şahbazov bəyan edib.

“İki ildən az bir vaxtda (20 aydan bir qədər çox – Caspian Barrel) Avropa 16 milyard kubmetrdən çox qazla təchiz edilib. Avropaya qaz təchizatı 2022-ci ilin sonuna 40% artımla 8,2 milyard kubmetrdən 11,5 milyard kubmetrə yüksələcək. Bu isə Cənub Qaz Dəhlizinin maksimum güclə işləməsinin, təchizatda fasiləsizlik və sabitliyin təsdiqidir”, – deyə nazir bildirib.

Energetika Nazirliyindən verilən məlumata görə, Şahbazov “Gələcəyə körpü” devizi altında keçirilən “V Rumıniya Beynəlxalq Qaz Konfransı”nda “Vizyondan reallığa” adlı nazirlər panelində çıxış edib. Nazir enerji böhranının aradan qaldırılması üçün enerji bazarlarını balanslaşdıracaq şaxələnləndirilmiş tədarük mənbələrinin təchizi istiqamətində Azərbaycanın töhfələrindən bəhs edib.

Energetika naziri enerji təhlükəsizliyinin təminatında növbəti addım olaraq 5 il ərzində Cənub Qaz Dəhlizinin genişləndirilməsini qeyd edib. Bildirilib ki, təbii qaz ixracının iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması üçün boru kəmərlərinin ötürücülük gücünün və hasilatın artırılmasına investisiyalar yatırılmalı, müqavilələr imzalanmalı və texniki tədbirlər görülməlidir.

“Bu layihənin sürətlə gerçəkləşdirilməsi bizim ümumi marağımızdır. İyulda imzalanmış Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu komanda şəklində fəaliyyətimiz üçün həlledici addımdır və bu, zəruri siyasi təminatı verir. İnanırıq ki, birgə siyasi iradə sayəsində Azərbaycan təbii qazı Avropaya enerji təhlükəsizliyi üçün həlledici olan bir vaxtda – 2027-ci ildə daxil olacaq”, – deyə Şahbazov əlavə edib.

O, uzunmüddətli perspektivdə Azərbaycanın Avropanın diversifikasiya prosesində bərpa olunan enerjini, hidrogeni təchiz edən mənbə olmasını təmin edəcək planlarını diqqətə çatdırıb. Bu xüsusda, Xəzər dənizinin külək enerjisinin Avropaya ötürülməsində və “yaşıl enerji” dəhlizinin reallaşmasında Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsinin əhəmiyyəti vurğulanıb. Ölkəmizin “yaşıl enerji” üzrə də etibarlı tərəfdaşa çevriləcəyi və bu yeni əməkdaşlıq prioritetlərinin Rumıniya ilə enerji tərəfdaşlığını da yeni mərhələyə yüksəldəcəyi bildirilib.

Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Konfrans çərçivəsində Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekasla görüşdə isə Pərviz Şahbazov 2022-ci ildə Azərbaycanın Yunanıstana TAP boru kəməri vasitəsi ilə 1.1 milyard kubmetr qaz ixrac edəcəyini bildirib.

0

Your Cart