logo

Macarıstan Azərbaycan “işığının” Avropaya ixracı layihəsinə qoşulacaq

Views: 661

Macarıstan Azərbaycandan elektrik enerjisinin Gürcüstan ərazisi ilə Avropaya ixracı layihəsinə qoşulmağa hazırdır. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

“Mövcud vəziyyət yeni enerji mənbələrinin kəşf edilməsinin və onların tədarükünün təşkil edilməsinin vacibliyini açıq şəkildə göstərir. Bu baxımdan tərəfdaşlardan biri (qısamüddətli perspektivdə yeganə olmasa da, ən vacib) və bu yaxınlarda Aİ ilə imzalanmış enerji sazişi ilə dəstəklənən Azərbaycandır. Azərbaycanla strateji münasibətlərimiz var və tez-tez ideya mübadiləsi aparılır. Bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazovla da telefon danışığımız baş tutub”, – deyə o, sosial şəbəkədə yazıb.

Nazir bildirib ki, Şahbazov onu elektrik enerjisinin Qara dənizin dibi ilə Gürcüstandan Avropaya ixracının təşkili ilə bağlı Azərbaycanın təşəbbüsü barədə məlumatlandırıb.

“Biz tez bir zamanda razılığa gəldik. Azərbaycan böyük həcmdə yaşıl elektrik enerjisi istehsal edəcək və bu, sualtı boru kəməri ilə Gürcüstana, oradan isə Rumıniyaya tədarük ediləcək. Və biz razılaşdıq ki, Macarıstan bu irimiqyaslı plana qoşulsun, çünki layihənin Aİ-nin dəstəyini alması üçün ən azı iki üzv ölkənin iştirakı lazımdır”, – deyə Siyarto qeyd edib.

O əlavə edib ki, Macarıstan bu yaşıl enerjinin bir hissəsini öz tələbatını təmin etmək üçün istifadə edə, bir hissəsinin isə öz ərazisi ilə qonşu ölkələrə tranzitini həyata keçirə biləcək.

XİN başçısının sözlərinə görə, layihə 3-4 il ərzində həyata keçirilə bilər.

“Bir tərəfdən bu, enerji təchizatımızın təmin olunmasına böyük töhfə verəcək, çünki bu, tamamilə yeni enerji mənbəyi olacaq, digər tərəfdən isə bizi karbon neytrallığına nail olmaq hədəfimizə daha da yaxınlaşdıracaq. Yaxın vaxtlarda biz saziş layihəsini (Azərbaycanla) əldə edəcəyik və maraqlar üst-üstə düşərsə, detallarla bağlı mütləq razılığa gələ biləcəyik”, – deyə Siyarto vurğulayıb.

Azərbaycan 2021-ci ildə qonşu ölkələrə 1,6 min MVt elektrik enerjisi ixrac edib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan elektrik enerjisinin Avropaya ixracının təşkili istiqamətində işləməlidir.

0

Your Cart