logo

Yarım ildə BTC ilə 107 mln barel neft nəql edilib

Views: 402

2022-ci ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin dəniz terminalından 106 milyon 982,579 min barel neft nəql edilib. Bu barədə “Anadolu” agentliyi BTC xəttinin Türkiyə hissəsinin operatoru “BOTAS International Ltd” (BIL) şirkətinə istinadən xəbər verir.

Statistik məlumatlara əsasən, ən çox neft həcmi may ayında (20 milyon 479,706 min barel), ən az həcm isə fevralda (13 milyon 581,125 min barel) göndərilib.

Nəşr qeyd edir ki, dəniz terminalının istismara verildiyi 2006-cı il iyunun 4-dən 2021-ci ilin sonuna qədər 3 milyard 777 milyon 227,567 min barel neft dünya bazarına yola salınıb.

Bu ilin yanvar-iyun aylarında neft 148 tankerlə nəql edilib. Ceyhan terminalının istismara verildiyi vaxtdan etibarən isə 4 947 tanker yola salınıb.

Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.

Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və ONGC (2,36%) şirkətləridir.

interfax

0

Your Cart