logo

BP Nizami Gəncəvi irsinə növbəti töhfəsini verib

Views: 83

BP və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın şairi Nizami Gəncəvinin “Xəmsə”sinin tarixi əlyazmalarından seçilmiş dəyərli miniatürlər toplusunu təqdim edib.

Report”un “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, “Qələmin sehri” adlı kitabın təqdimat mərasimi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi 9-cu Qlobal Bakı Forumu çərçivəsində keçirilib.

Kitab BP-nin Nizaminin 880 illik yubileyinə növbəti töhfəsidir və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Nizami ili” çərçivəsində böyük şairin xatirəsinə həsr edilmiş nəşrdir. Kitab iki cilddən ibarətdir və ayrı-ayrılıqda iki dildə (ingilis və Azərbaycan dillərində) dərc edilib.

Bu nəfis nəşrdə Teymurilər dövrünə aid Herat əlyazmalarından tutmuş, Səfəvi, Moğol və Osmanlı əlyazmalarına və “Xəmsə”nin müasir miniatür təsvirlərinə, o cümlədən Azərbaycanın paytaxtında yerləşən Nizami metro stansiyasını bəzəyən möhtəşəm freskalara qədər fərqli dövrlərə və dünyanın müxtəlif coğrafiyalarına aid illüstrasiyalar yer alıb. Bunlar Avropanın, Asiyanın və Şimali Amerikanın, demək olar ki, bütün paytaxtlarının ən məşhur muzey və kitabxanalarında saxlanılan çoxsaylı “Xəmsə” əlyazmalarında əks olunmuş 800-ə yaxın heyrətamiz miniatür sənət əsərləridir.

Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz deyib: “Bu, dahi Azərbaycan şairi və mütəfəkkirinin bizə miras qoyduğu qiymətsiz və tükənməz xəzinəyə dair nəşr etdiyimiz ikinci kitabdır. Bundan əvvəl də biz Azərbaycanın görkəmli şəxsiyyətləri tərəfindən Nizami Gəncəvi haqqında keçmişdə söylənmiş məlum, lakin çox yayılmamış fikirlərin, yazılmış məqalələrin və elmi araşdırmaların toplusu olan “Nizami Gəncəvi – Unudulmuş Nəşrlər” adlı sanballı təqdiqat kitabına sponsorluq etmişdik. Bu gün təqdim etdiyimiz kitab əsrlər boyu Nizami dühasından ilhamlanmış müəlliflərin və rəssamların yaratdığı, dünyanın hər yerindən yığılmış misilsiz sənət toplusudur. Biz Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi söz və düşüncə dahisi Nizami Gəncəvinin “Qələm sehri”ni təbliğ edə bilməkdən qürur duyuruq.”

Bu mükəmməl incəsənət və tədqiqat kitabının müəllifi sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə deyib: “Ona görə qəlbə rahatlıq gətirir ki, Nizami dünyasına duyulan məhəbbət və rəğbət onun araşdırılması üçün çəkilən bütün zəhmətləri unutdurur, bizlərə zövq və səadət bəxş edir”.

Kitabın nəşri də daxil olmaqla layihənin ümumi dəyəri 100 000 ABŞ dolları təşkil edir.

0

Your Cart