logo

Azərbaycanda bu il həm neft, həm də kondensat hasilatı azalır

Views: 173

Kondensat hasilatının azalması apreldə ilin əvvəli ilə müqayisədə 4,68% təşkil edib

Azərbaycanda neft hasilatının 2010-cu ilin üçüncü rübündən başlayaraq azalması bəllidir. Çünki neft hasilatında zirvə həddi məhz həmin ilin yayında qeydə alınmışdı.

2010-cu ildə Azərbaycan maye karbohidrogenlər hasilatı tarixində 50,8 mln ton neft və kondensat hasil etməklə ən yüksək nəticəni göstərdi.

2022-ci ilin açıqlanan statistikasına nəzər yetirdikdə isə onu görmək mümkündür ki, ölkədə həm neft hasilatı azalır, həm də kondensat hasilatı. Söhbət ilin əvvəlində qeydə alınmış nəticələrlə müqayisədən gedir.

Belə ki, əgər biz Azərbaycan Energetika nazirliyinin statistikasından çıxış etsək, onda görərik ki, yanvar ayında ölkədə gündəlik olaraq 580,9 min barel neft və 119,6 min barel kondensat hasil edilmişdisə, aprel ayında bu göstəricilər müvafiq olaraq 579,1 min barel və 114 min barel təşkil edib.

Gündəlik neft hasilatında azalma ilin dördüncü ayında əvvəli ilə müqayisədə 0,31% təşkil edibsə, kondensat hasilatında enmə tempi 4,68% olub.

Özü də kondensatın azalması ölkənin ən iri qaz-kondensat yatağı “Şahdəniz”də qaz hasilatının artımı ilə müşayət edilməyə başlayıb. Əgər ilin əvvəlində bu yataqda orta günlük kondensat hasilatı 101 min bareldən çox olmuşdusa, apreldə 98 min barelə qədər azalma müşahidə edilib. Baxmayaraq ki, ümumilikdə “Şahdəniz” yatağından bp-nin rüblük hesabatında göstərildiyi kimi, kondensat hasilatında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 milyon bareldən çox artım əldə edilib və orta gündəlik hasilat 100 min barel olub.

İlham Şaban

Caspian Barrel

0

Your Cart