logo

AYİB Gəncədə tullantıların idarə edilməsinə vəsait ayırır

Views: 121

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən bərk məişət tullantılarının idarə olunması sahəsində təkmilləşdirmələr üçün Gəncə şəhər İcra hakimiyyətinə 10 milyon avro sərmayə ayrılır

Caspian Barrel AYİB-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın ikinci ən böyük şəhərində yaşayan 300 mindən çox insan Gəncə Şəhər İcra Hakimiyyəti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasındakı əməkdaşlıq sayəsində şəhər mühitinin yaxşılaşdırılmasından faydalanmaq imkanı əldə edəcəklər.

Mayın 12-də AYİB-in birinci vitse-prezidenti Yurgen Rigterink, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov arasında imzalanan sazişlərdə AYİB şəhərin bərk məişət tullantılarının toplanması infrastrukturunun yaxşılaşdırılmasına sərmayə qoyuluşunu öhdəsinə götürüb.

Layihə Gəncənin AYİB-nin Yaşıl Şəhərlər (EBRD Green Cities) proqramına cəlb edilməsinin bir hissəsidir və şəhərin Yaşıl Şəhər Tədbirlər Planının inkişafına təkan verəcək.

10 milyon avroluq kredit tullantıların ağıllı toplanması və marşrutun optimallaşdırılması sistemlərinin tətbiqinə sərf olunacaq.

Yeni konteyner növləri, mövcud tullantı parkının təkmilləşdirilməsi və daha “yaşıl” nəqliyyat vasitələrinin tətbiqi şəhərin kommunal xidmətlərində karbon izinin əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək. Bugünkü razılaşma müasir regional sanitar poliqonun tikintisi ilə bərk məişət tullantılarının təkmilləşdirilməsinin başa çatdırılmasına yönəlmiş növbəti layihəyə yol açacaq.

Tullantıların toplanması xidmətlərinin əhatə dairəsinin artırılması və genişləndirilməsi tullantıların nəzarətsiz yandırılmasını minimuma endirəcək, eyni zamanda əhalinin sağlamlığının və ümumi ətraf mühitin yaxşılaşmasına imkan verəcək. Bu tədbirlər həmçinin kommunal xidmət sahəsi işçilərinin iş şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.

5 milyard avro dəyərində olan AYİB Yaşıl Şəhərlər proqramı üzv şəhərlərə xüsusi olaraq YŞTP hazırlamaq və hər bir şəhərin şəhər problemlərini həll etmək üçün məqsədyönlü sərmayələr etməklə ən aktual ekoloji problemlərini müəyyən etmək, prioritetləşdirmək və həll etmək üçün dəstək verir. 

Gəncə bu proqrama 2020-ci ildə qoşulmuşdur. Hazırda Yaşıl Şəhərlər proqramının 56 üzv şəhəri var.

Dünya miqyasında enerjidən istifadənin 70 faizini və istixana qazı emissiyalarının 80 faizini təşkil edən şəhərlər iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası ilə mübarizə aparmaq üçün böyük bir fürsətdir. Bu, xüsusilə köhnəlmiş şəhər infrastrukturunun həyat keyfiyyətini aşağı saldığı, istixana qazı emissiyalarını artırdığı və əhalinin iqlim dəyişikliyinə uyğunlaşmasının qarşısını alan AYİB regionlarındakı şəhərlərə aiddir.

AYİB Azərbaycanda mühüm institusional investordur. Bu günə qədər Bank ölkəyə 181 layihə vasitəsilə 3,5 milyard avrodan çox sərmayə yatırımı edib. Bankın ölkədəki strategiyası Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorlarında özəl sektorun inkişafına kömək etmək səylərinə yönəlib.

0

Your Cart