Nazir: Azərbaycan 2022-ci ilin yanvar-mart aylarında 5,9 mlrd kubmetr qaz ixrac edib
Bu il Azərbaycan Avropaya 2.6 millyard kubmetr qaz ixrac edib.
Caspian Barrel-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Twitter” səhifəsində yazıb.
“Bu ilin I rübündə Azərbaycandan Türkiyəyə 2.2 mlrd. kubmetr, Avropaya 2.6 mlrd. kubmetr, Gürcüstana isə 1.1mlrd. kubmetr qaz ixrac edilib”, – nazir bildirib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, I rübdə Azərbaycanda 9 mlrd 84,3 mln kubmetr əmtəəlik qaz hasil edilib (+16,4%). Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına əsasən isə, həmin müddətdə ölkənin daxili bazarında istehlak 4 mlrd 759 mln kubmetr təşkil edib. Bu məlumatlara əsasən demək olar ki, cari ilin yanvar-mart aylarında “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarından ölkənin daxili tələbatını ödəmək üçün 1,57 mlrd kubmetrdən çox mavi yanacaq istifadə edilib.
Qeyd edək ki, Azərbaycanda yeraltı qaz anbarlarına vurulan və götürülən qazın həcmi ictimailəşdirilmir.
İlham Şaban