logo

Türkiyə Azərbaycandan 8,82 mlrd qaz idxal etdiyini açıqladı

Views: 397

Azərbaycan 2021-ci ildə Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 820,24 milyon kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 22,7% azdır. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.

2021-ci ilin dekabr ayında Türkiyəyə 747,34 milyon kubmetr Azərbaycan qazı ixrac edilib. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 12,08%-i Azərbaycanın payına düşüb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2020-ci ilin dekabr ayı ilə müqayisədə ixracın həcmi 43,21% azalıb.

Azərbaycan dekabr ayında Türkiyəyə qaz ixracının həcminə görə dördüncü pillədə qərarlaşıb. Birinci yerdə Rusiya (33,42%), ikinci yerdə ABŞ (17,04%), üçüncü yerdə İran (13,83%) gəlir.

2021-ci ilin dekabr ayında Türkiyəyə 6 milyard 184,26 milyon kubmetr qaz ixrac olunub (2020-ci ilin dekabr ayı ilə müqayisədə azalma 1,21% – İF). 3 milyard 669,16 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 59,33%-i, azalma 24,65%), 2 milyard 515,1 milyon kubmetr (bütün ixracın 40,67%-i, artım 1,8 dəfə) isə LNG-nin payına düşüb. İxrac 9 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), ABŞ, Əlcəzair, Misir, Trinidad və Tobaqo, İspaniya və Qətər (LNG)) həyata keçirilib.

Xəbər verildiyi kimi, 2021-ci il aprelin 16-dək Azərbaycan qazının Türkiyəyə nəqli “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində müqavilələr əsasında həyata keçirilib. Lakin BOTAS ilə imzalanmış “Mərhələ-1” çərçivəsində qazın alqı-satqı müqaviləsinin müddətinin aprel ayının 16-da bitməsi ilə əlaqədar nəql yalnız “Mərhələ-2” çərçivəsində müqavilə əsasında həyata keçirilib. 2021-ci ilin qalan dövrü ərzində Türkiyəyə qaz ixracının azalması bununla izah olunur.

2021-ci ilin III rübündə tərəflər arasında 2024-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonuna qədər (2021-2024-cü illər) “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir.

2020-ci ildə Azərbaycan Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 11 milyard 547,99 milyon kubmetr qaz (artım 20,5%) ixrac edib.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%).

0

Your Cart