logo

TANAP-ın gücünün ikiqat artırılması təxminən 5 il çəkə bilər

Views: 334

Trans-Anadolu qaz kəmərinin (TANAP) ötürmə qabiliyyətinin təxminən iki dəfə – 31 milyard kubmetrə qədər artırılması beş ilə yaxın vaxt apara bilər. TANAP Konsorsiumunun baş direktoru Saltuk Düzyol belə hesab edir.

“Hazırda TANAP Azərbaycandan Türkiyə və Avropaya ildə təxminən 16 milyard kubmetr qaz ixracını nəzərdə tutan birinci faza çərçivəsində istismar edilir. Boru kəmərinin ötürmə qabiliyyətinin təxminən iki dəfə, yəni ildə 31 milyard kubmetrə qədər artırılması yekun investisiya qərarı qəbul edildikdən sonra tender prosedurları və tikinti işləri üçün vaxt tələb olunması faktı nəzərə alınmaqla 4-5 il çəkə bilər” – deyə S.Düzyol bu gün azərbaycanlı jurnalistlər üçün videoformatda keçirilən mətbuat konfransında bildirib.

Bununla yanaşı, o xatırladıb ki, TANAP-ın gücünün iki mərhələdə artırılması planlaşdırılır, birinci mərhələ boru kəmərinin ötürmə qabiliyyətinin ildə 24 milyard kubmetrə, ikinci mərhələ isə 31 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur.

“TANAP-ın gücünün genişləndirilməsi üzrə işlər daha az vaxt və sərmayə tələb edə bilər, hər şey kəmərin ötürmə qabiliyyətinin artırılması həcmindən asılıdır”, – deyə baş direktor qeyd edib.

O, həmçinin bildirib ki, dünyada qaza tələbatın artacağını gözləyir və bu da maraqlı tərəfləri ixrac gücünün artırılması ilə bağlı qərar qəbul etməyə sövq edə bilər.

“Bunun üçün Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmezin də artıq bəyan etdiyi kimi, qaz istehsalçılarından hasilata investisiyaların artırılması, eləcə də qaz tədarükü haqqında müqavilələrin bağlanması tələb olunacaq. Yəni qaz kəmərinin gücünün artırılması qərarı istehlakçıların müvafiq marağı və boru kəməri sahibləri və qaz istehsalçıları ilə razılaşmalar olduqda qəbul edilə bilər”, – deyə S.Düzyol bildirib.

Konsorsiumun baş direktoru qeyd edib ki, əgər kəmərin genişləndirilməsi ilə bağlı qərar indi qəbul edilərsə, nəzərə almaq lazımdır ki, neftin bahalaşması və dünya iqtisadiyyatında gedən proseslərin fonunda bütün xidmət və avadanlıqlar da bahalaşır və bu, layihənin maya dəyərini artırır.

O əlavə edib ki, Cənub Qaz Dəhlizinin fəaliyyəti hesabına Türkiyə ilə yanaşı, Avropanın 10 iri şirkəti də Azərbaycandan qaz alır.

Energetika Nazirliyinin məlumatına görə, 2021-ci ildə TANAP-la Türkiyəyə 5,6 milyard kubmetr, Avropaya 8,2 milyard kubmetr qaz ixrac edilib.

2022-ci ildə TANAP-la Türkiyə və Avropaya tədarük edilən təbii qazın ümumi həcminin 16,2 milyard kubmetrə çatdırılması planlaşdırılır: bunun 5,7 milyard kubmetri Türkiyəyə, 10,5 milyard kubmetri isə Avropadakı istehlakçılara göndərilməlidir.

TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə 2018-ci il iyunun 30-dan başlanılıb. 2019-cu il aprelin 15-də TANAP qaz kəmərinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsinə qazın sınaq tədarükünə başlanılıb. Həmin ilin iyun ayının 15-də “Şahdəniz” yatağından hasil edilən qaz TANAP ilə Türkiyə-Yunanıstan sərhədinə çatıb.

Ümumi uzunluğu 1850 kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti 16 milyard kubmetr təşkil edir. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.

“Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya ixrac illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən TAP ilə həyata keçirilir.

Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb.

CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

interfax.az

0

Your Cart