“SOCAR daxil olmaqla, artıq 4 iri dövlət şirkətində maliyyə vəziyyətinin yaxşılaşması müşahidə edilir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2022-2030-cu illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası təsdiq olunub: “Bunun üçün 5 milli prioritet müəyyənləşdirilib.
Ölkə qarşısında yeni iqtisadi çağırışlar dayanmaqdadır. Başlıca çağırış neftdən asılılığı sıfıra endirməkdir.
Ölkə iqtisadiyyatında 4 başlıca təməl dəyişiklik baş verəcək. İqtisadiyyatda fəaliyyət mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq.
İnsan kapitalının davamlı inkişafı, rəqəmsal ideyaların tətbiqi üçün geniş şərait yaradılacaq.
Strategiyanın artıq başlıca istiqamətləri formalaşdırılıb. Strategiya layihəsində 70-dək strateji alt başlıq layihəsi üzrə 839-dək strateji dəyişiklik edilməsi nəzərdə tutulub”.