Azərbaycanda sentyabrda gündəlik xam neft hasilatının həcmi açıqlanıb
Azərbaycanda sentyabr ayında gündəlik xam neft hasilatı 586,2 min barel olub
Bu barədə “Report” Energetika Nazirliyinə istinadən məlumat verib.
“2021-ci ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 703,1 min barel olub. Bunun 586,2 min barelini xam neft, 116,9 min barelini isə kondensat təşkil edib”, – məlumatda deyilir.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycan hər ay gündəlik neft hasialtını 7 min barel artıra bilər.
Bununla da sentyabrda gündəlik xam neft hasilatının avqust ayına nisbətən 7 min barel artırılmaqla 633 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.
“OPEC plus” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 milyon barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub.
Qeyd edək ki, oktyabrın 4-də Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 21-ci iclasında Azərbaycan gündəlik neft hasilatının noyabrda 400 min barel artırılmasına dair qəbul edilmiş qərara öz dəstəyini ifadə edib.
Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barel artırılaraq 647 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 71 min barrel həcmində olmasını nəzərdə tutur.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.