logo

Energetika naziri: “Azərbaycan dünya neft bazarını sabitləşdirmək üçün tədbirləri dəstəkləyir”

Views: 57

“OPEC+” çərçivəsində əməkdaşlıq, xüsusən də COVID-19 pandemiyasının davam edən təsiri kontekstində bu günə qədər vacib olaraq qalır”.

Pərviz Şahbazov

“Report”un məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Rusiyanın “Nefteqazovaya Vertikal” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, qeyd etmək lazımdır ki, bu əməkdaşlıq nəinki sazişi imzalayan neft istehsalçılarının və ixracatçılarının maraqlarına xidmət edir, həmçinin də dünya neft bazarında tarazlığın təmin olunmasında mühüm rol oynayır: “Məhz OPEC+ çərçivəsində əməkdaşlıq sayəsində dünya bazarında müəyyən bir tarazlıq yaradılıb, həmçinin neft istehsal edən ölkələr üçün nisbətən məqbul qiymət səviyyəsi təmin edilib”.

Nazir bildirib ki, Azərbaycan bu formatın işində fəal iştirak edir: “Xatırlatmaq yerinə düşər ki, Azərbaycan gündəlik neft hasilatını üç mərhələdə azaltmaq üçün “Əməkdaşlıq Bəyannaməsi”ni təsdiq etmək qərarını 12 aprel 2020-ci ildə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 10-cu iclasında qəbul edib”.

P. Şahbazov hesab edir ki, “OPEC+” formatında verilən qərarların və atılan addımların doğruluğu şübhə doğurmur: “Azərbaycan dünya neft bazarını sabitləşdirmək üçün tədbirləri dəstəkləyir, fəal iştirakçıdır və “OPEC+” ölkələri arasında konsensus əldə etmək üçün gələcəkdə də məsləhətləşmə prosesində fəal iştirak etməyi planlaşdırır”.

Qeyd edək ki, “OPEC+” formatının yaradılması təşəbbüsü ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin yanvar ayında Davos Forumunda irəli sürülüb.

Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının oktyabrda daha 7 min barrel artırılaraq 640 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 78 min barrel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 milyon barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir.

Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barrel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olur.

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının isə 2021-ci ilin 4 oktyabr tarixində keçirilməsi qərara alınıb.

0

Your Cart