logo

“Azəriqaz” rəhbərliyi Zirə qəsəbəsində istixana sahiblərinin problemini dinləyib – FOTO

Views: 58

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası baş tutub.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Birlik öz səlahiyyətləri çərçivəsində və imkanları daxilində bütün istehlakçılara münasibətdə göstərdiyi dəstəyi təbii qazdan istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərdən də əsirgəmir.

Bu məqsədlə Bakının Zirə kəndində təşkil olunan aksiyada “Səyyar qəbul otağı” istixana sahiblərinin ixtiyarında olub. Birliyin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov görüş zamanı 30-dək tərəvəz istehsalı ilə məşğul olan istixana sahibinin problemini dinləyib.

Çıxış edən sahibkarlar əsasən payız-qış mövsümündə yaşanan təzyiq probleminin həll olunmasını, ötən il istehlak etdikləri qaz sərfiyyatının həcminə görə yaranan borclarla bağlı güzəştlərin olunmasını Birliyin baş direktorunun müavinindən xahiş ediblər. Səsləndirilən suallarla bağlı sahibkarlara ətraflı izahatlar verilib, problemlərin yerindəcə aydınlaşdırılaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, bu “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində təşkil etdiyi sayca 15-ci, sahibkarlarla isə ardıcıl ikinci görüşüdür. Ötən həftə Birliyin baş direktoru Ruslan Əliyev Salyan rayonunda istixana sahibləri ilə görüşərək onların qayğıları ilə maraqlanmışdı. Baş direktor bundan sonra digər regionlarda da istixana sahibləri ilə Birliyin rəhbər şəxsləri arasında mövsümün sonunadək hər ay ən azı bir dəfə görüş keçiriləcəyini bildirmişdi. Birlik tərəfindən sahibkarlara mümkün olan hər bir dəstək verilir və bundan sonra da davam edəcək.’

0

Your Cart