logo

EIB Serbiyaya TAP qazının nəqli üçün kəmərin inşasına 25 mln avro ayırıb

Views: 257

Avropa İnvestisiya Bankı (EIB) Serbiyaya Bolqarıstanın qaz paylama sistemi ilə birləşdiriləcək 109 km-lik Nis-Dimitrovqrad boru kəmərinin inşası üçün 25 milyon avro kredit ayırıb.

“Report”un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, kredit Avropa İttifaqının Qoşulma Öncəsi Yardım Aləti (IPA) tərəfindən verilən 49,5 milyon avro qrantı tamamlayır və Serbiyanın enerji tədarükünün şaxələndirilməsinə və Cənub-Şərqi Avropadakı enerji şəbəkələrinin gücləndirilməsinə imkan verəcək.

“2019-cu ildə razılaşdırılmış EIB-in enerji borcvermə siyasətinin bir hissəsi olaraq, 2021-ci ilin sonundan etibarən bərpa olunan enerji layihələrinin kreditləşməsinə keçənə qədər bir neçə qaz layihəsini dəstəkləməyi öz öhdəmizə götürdük. Bu səbəbdən də interkonnektorun inşası üçün Serbiyaya 25 milyon avro ayırmaqdan məmnunuq”, – deyə EIB-nin Serbiyadakı borc əməliyyatlarından məsul vitse-prezidenti Lilyana Pavlova deyib.

L.Pavlova əlavə edib ki, sərmayə ilə EIB Serbiyada və bütün bölgədə enerji keçidini dəstəkləməyin vacibliyini təsdiqləyir.

Serbiyanın infrastruktur naziri Zorana Mihajloviç isə qeyd edib ki, adıçəkilən kəmər Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə nəql edilən qazın da Serbiyaya çatmasına şərait yaradacaq:

“2023-cü ildə işə düşəcək və bu il inşasına başlanacaq Nis-Dimitrovgrad qaz kəməri Serbiyaya digər tədarükçülərdən – Yunanıstandakı LNG terminallarından, Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP və TANAP kəmərlərindən təbii qaz tədarük etməyə imkan verəcək. Bu hətta Leviathan yatağı (Kipr və İsrail) da daxil olmaqla Şərqi Aralıq dənizindəki qaz yataqlarından da qaz idxalına imkan yaradacaq”.

İnterkonnektor Bolqarıstan və Serbiya arasındakı sərhədlərarası əlaqələrin sürətli bir şəkildə tamamlanmasını asanlaşdırmaq üçün 2015-ci ildə Aİ tərəfindən yaradılan Orta və Cənub-Şərqi Avropada Enerji Bağlantısı üzrə Yüksək Səviyyəli Qrupun (CESEC) prioritet layihələrindən biridir.

Oktyabrda Avropa Komissiyası kəmərin Bolqarıstan hissəsinin inşası üçün 28 milyon avroluq qrantı təsdiq etmişdi.

0

Your Cart