Türkmənistan Avropa standartlarında aviasiya yanacağı istehsalını planlaşdırır
Türkmənbaşı neft emalı kompleksi müəssisənin hazırda istehsal etdiyi TS-1 aviasiya yanacağının Avropa analoqu olan Jet A-1 markalı təyyarə yanacağını istehsal etməyi planlaşdırır.
Caspian Barrel Türkmənistan mətbuatına istinadən xəbər verir ki, bununla əlaqədar olaraq neft emalı zavodu bu növ yanacaq istehsalının təşkili üçün açıq tender elan edib.
Jet A-1 yanacağı Avropa və Şimali Amerika istehsalı olan təyyarələrin qaz turbinli mühərriklərində istifadə üçün nəzərdə tutulub. Bu yanacaq markası Airbus və Boeing markalı təyyarələrin istismarı üçün beynəlxalq sənədlərə və təlimatlara daxil edilib.
Bu marka ilə Türkmənistanın mülki aviasiyasında istifadə olunan TS-1 aviasiya kerosini arasındakı fərq istehsal texnologiyasından qaynaqlanır.
Türkmənbaşı neft emalı kompleksi strukturunda iki zavod, həmçinin neft anbarları və yanacaqdoldurma məntəqələri var. 2021-ci ilin iki ayında müəssisə 34 min 857 ton aviasiya yanacağı istehsal edib.