logo

Ölkə ərazisində sutkalıq qaz qəbulunda artım müşahidə olunur

Views: 70

Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə verilən məlumatdan sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi fevral ayının 17-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, növbəti daha kəskin soyuq qış günlərinin fevral ayının 23-dən müşahidə ediləcəyini nəzərə alaraq Birliyin müvafiq strukturlarına bir daha işlərinə məsuliyyətli yanaşmaları barədə Baş direktor Ruslan Əliyev tərəfindən tapşırıqlar verilib.

Təbii qazın təlabata uyğun normal rejimlərdə paylanılması, növbəli iş rejimlərinin düzgün təşkili diqqətdə saxlanılacaq. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə aradan qaldırılacaq.

Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan “Whatsapp” nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər.

Əlavə olaraq qeyd etmək istərdik ki, fevral ayının 17-dən bu günə qədər sutkalıq təbii qaz qəbulunda artım müşahidə edilməkdədir. Təqribən qəbul olunan qazın həcmi sutkalıq 32-35 milyon kubmetr arasında dəyişir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hətta sutkalıq 8 milyon kubmetrədək artımın müşahidə olunduğu günlər var. Bu həcmdə qazın qəbulu artan təlabatdan irəli gəlir. Belə ki, 2 milyon 400 minə yaxın əhali abonentinin istifadəsində olan qaz cihazlarının soyuq vaxtlarda işlək saatlarının müddəti uzanır və bu da, sonda abonentin ümumi sərfiyyatında artım kimi qaz sayğaclarında qeydə alınır.

0

Your Cart