logo

TOTAL-ın Xəzər və Cənubi Avropa üzrə yeni vitse-prezidenti SOCAR-a təqdim olundu

Views: 91

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev TOTAL şirkətinin Kəşfiyyat və hasilat üzrə prezidenti Arno Broyyakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib

SOCAR-dan “Report”a verilən məlumata görə, görüşdə TOTAL şirkətinin Xəzər və Cənubi Avropa regionu üzrə yeni təyin olunmuş vitse-prezidenti Kristin Mari Hili SOCAR rəhbərliyinə təqdim edilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev ötən ilin bütün ölkələr üçün çətin keçdiyini, dünyanın yeni çağırışlarla üz-üzə qaldığını, lakin pandemiya və iqtisadi tənəzzülə baxmayaraq, Azərbaycanın üzləşdiyi müharibədən qələbə ilə çıxdığını bildirib. R. Abdullayev Fransadakı siyasi dairələrin ölkəmizə qarşı bitərəfliyini qoruya bilməyib, qərəzli mövqe nümayiş etdirdiklərinə görə Azərbaycanın haqqlı etirazını qonaqların da diqqətinə çatdırıb.

TOTAL şirkətinin Kəşfiyyat və hasilat üzrə prezidenti ötən il birgə layihə çərçivəsində bütün fəaliyyətlərin itkisiz və təhlükəsiz şəraitdə həyata keçirildiyini və bunun mühüm nailiyyət olduğunu bildirib. TOTAL-ın tam özəl bir şirkət olaraq, Fransa dövləti ilə hər hansı bağlılığının olmadığı qeyd edilmiş, şirkətin Azərbaycana və birgə həyata keçirilən “Abşeron” layihəsinə sadiq qalması vurğulanıb.

Daha sonra bundan əvvəl TOTAL-ın Kanadanın Kalqari şəhərindəki bölməsinin icraçı direktoru vəzifəsində çalışmış Kristin Mari Hili TOTAL şirkətinin Xəzər və Cənubi Avropa regionu üzrə yeni vitse-prezidenti kimi SOCAR rəhbərliyinə təqdim olunub. Kristin Mari Hili əmək fəaliyyəti dövründə müxtəlif aparıcı şirkətlərdə çalışıb, son illərdə isə TOTAL şirkətində fəaliyyət göstərib.

Görüşdə neft-qaz bazarlarının inkişaf perspektivləri və “Abşeron” yatağında həyata keçirilən işlərlə bağlı fikir mübadiləsi aparılmışdır. SOCAR prezidenti qeyd edib ki, müxtəlif ölkələrin aparıcı şirkətləri Azərbaycanın yeni qaz yataqlarının işlənməsinə xüsusi maraq göstərir. Son dövrdə qaz bazarında vəziyyətin yaxşılığa doğru dəyişməsi, ötən il qiymətlərin kəskin düşməsindən sonra, bu il təbii qazın qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsi qaz biznesinin dayanıqlığına dəlalət edir.

TOTAL-ın kəşfiyyat və hasilat üzrə prezidenti qeyd etmişdir ki, dünyada demoqrafik artımla bağlı olaraq yaxın onilliklərdə enerjiyə tələbat artmaqda davam edəcək. TOTAL-ın proqnozlarına əsasən 2050-ci ilə qədər enerji istehlakında neft və qazın payı 50 faizdən aşağı düşməyəcək. Ümumilikdə isə qaza olan tələbatın yüksələcəyi proqnozlaşdırılır. TOTAL rəsmisi şirkətin həm neft-qaz hasilatı, həm də bərpa olunan enerji sahəsində davamlı investisiya planlarından bəhs edib.

Birgə həyata keçirilən “Abşeron” layihəsi çərçivəsində 2022-ci ildə ilk qazın hasilatına başlanılması əsas hədəf kimi qeyd olunmuşdur. Bunun üçün ötən il dənizə yola salınan platformanın üzərində bu il ərzində üç üst modulunun SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilib quraşdırılması nəzərdə tutulur. Hasil olunacaq qazın nəqli “Neft Daşları” üzərindən layihələndirildiyinə görə, hazırda Neft Daşlarında müvafiq modifikasiya işləri davam etdirlir.

Görüşdə yatağın işlənməsinin növbəti mərhələləri ilə bağlı müxtəlif məsələlər də müzakirə olunmuşdur. Qarşıdakı mərhələlərdə gəlirliyi təmin etmək üçün ölkədaxili qaz tariflərində artımın məqbul vasitə olmadığını xüsusi vurğulayan R. Abdullayev, layihənin effektivliyini təmin etmək üçün xərclərin azaldılması zərurətini qeyd edib. Görüşdə həmçinin digər layihələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Abşeron” yatağının işlənməsi Abşeron Petroleum Birgə Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Əməliyyatçı şirkətin səhmləri SOCAR Absheron (50%) və TOTAL E&P Absheron (50 %) şirkətləri arasında bərabər bölünüb.SOCAR Absheron (50%) və TOTAL E&P Absheron (50 %) şirkətləri arasında bərabər bölünüb.

0

Your Cart