logo

SOCAR: Cənub Qaz Dəhlizi $33 milyarda başa gəlib

Views: 289

2013-2020-ci illərdə Cənub Qaz Dəhlizinin (CQD) yaradılması layihəsi çərçivəsində $12 milyard məbləğində vəsaitə qənaət edilib. Bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov məlumat verib

Vitali Bəylərbəyov

“Bir neçə gün sonra tam işə salınacaq CQD-nin tikintisi çərçivəsində bütün hesablamalar aparılıb. Biz $12 milyarda yaxın məbləğdə vəsaitə qənaət etmişik. 2013-cü ildən bu günə qədər “Şahdəniz-2” üzrə “upstream”in (hasilat) bir hissəsi də daxil olmaqla, CQD-nin dəyəri $33 milyard təşkil edib (2013-cü ildə $45 milyard həcmində qiymətləndirilirdi)”, – deyə Bəylərbəyov “CBC” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, CQD-nin bütün əsas komponentləri vaxtında və ya vaxtından əvvəl təhvil verilib. Bu, ilk növbədə, Cənubi Qafqaz boru kəməri magistralının və TANAP boru kəmərinin genişləndirilməsinə aiddir.

“Xəzər dənizinin Azərbaycan sektorunda görülmüş işlərlə birlikdə haqqında danışdığımız qənaətin əsas xüsusi çəkisi də bu iki komponenin payına düşüb. Burada, əlbəttə ki, birinci yerdə SOCAR-ın operatorluğu ilə vaxtında və planlaşdırıldığından daha az büdcə ilə tikilmiş TANAP gəlir. Bu, CQD-nin digər komponentlərinə də aiddir”, – deyə o qeyd edib.

SOCAR-ın nümayəndəsi, həmçinin bildirib ki, dünya üzrə cari tendensiyalar nəzərə alınmaqla CQD layihəsi üzrə əsaslı xərclər 8-10 il ərzində tam ödəniləcək.

“Layihələr inkişaf etdikcə onlara kapital qoyuluşları da əlavə olunur, bu, ödəniş müddətinə təsir edə bilər. Karbohidrogenlərin (“Şahdəniz” isə təkcə qaz deyil, həm də kondensat yatağıdır) qiyməti perspektivdə artıma doğru gedərsə, bu, mənim 2021-ci il üçün proqnozumdur, müvafiq olaraq xərclərin ödənilməsi vaxtı və bizim tam gəlirli layihəyə keçəcəyimiz vaxt yaxınlaşacaq”, – deyə o əlavə edib.

Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin ilkin dəyəri $45 milyard təşkil etsə də, daha sonra bu məbləğ $38 milyarda qədər azaldılıb.

CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

Hazırda layihənin bütün 4 komponenti reallaşdırılıb.

10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ilin IV rübündə ixrac edilməsi gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb.

interfax

0

Your Cart