“LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
“Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizin ali dövləti vəzifədə fəaliyyətiniz bütünlüklə Azərbaycana və onun vətəndaşlarına həsr olunub. Yorulmaz fədakarlıq, özünə və tabeliyində olanlara qarşı yüksək tələbkarlıq, ölkənin inkişaf perspektivlərini qabaqcadan görmək – bütün bu keyfiyyətlər Sizə ölkədə və xaricdə dərin hörmət və nüfuz qazandırır”, – deyə təbrik məktubunda bildirilir.
Ələkbərov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında işgüzar əlaqələrin inkişafına və genişlənməsinə, qarşılıqlı dostluq münasibətlərinin möhkəmlənməsinə, ticari-iqtisadi əlaqələrin inkişafına Əliyevin şəxsi töhfəsini yüksək qiymətləndirib.
“Bu xoş fürsətdən istifadə edərək, Azərbaycanda bizim fəaliyyətimizə göstərdiyiniz diqqətə görə Sizə səmimi-qəlbdən təşəkkür etmək istərdim. Sizi əmin etmək istərdim ki, biz Azərbaycan Respublikası qarşısında götürdüyümüz öhdəlikləri bundan sonra da dəqiq yerinə yetirəcəyik”, – deyə V.Ələkbərov vurğulayıb.