logo

Energetika Nazirliyi: Naxçıvanın qaz təchizatı daha dayanıqlı olacaq

Views: 83

Bu gün Türkiyədən Azərbaycana təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanacaq

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu məsələ iki ölkənin dövlət başçıları tərəfindən bu ilin fevral ayında baş tutan görüşdə qaldırılıb. “Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu” bu gün Türkiyədə imzalanacaq və artıq Azərbaycanın energetika naziri Pərviz Şahbazov Türkiyədə səfərdədir.

Qeyd edilib ki, 2005-ci ildən Azərbaycan Naxçıvana təbii qazın verilməsini svop əməliyyatları ilə İran vasitəsilə həyata keçirirdi: “Bu müqavilə 2025-ci ilə qədər qüvvədədir. Bu müqavilə əsasında svop əməliyyatları davam etdirilir. Eyni zamanda Naxçıvanın qaz təchizatının daha da dayanıqlı olması və Muxtar Respublikaya qazın ötürülməsinin şaxələndirilməsi məqsədilə Türkiyədən də qaz nəqli həyata keçiriləcək”.

Həmçinin bildirilib ki, Azərbaycan üçün artıq daha yeni fürsət də yaranıb: “Cənubi Qafqaz Qaz Boru Kəmərinin ötürücülük gücü genişləndirilib. Bu qaz boru xətti vasitəsilə Azərbaycan təbii qazı Türkiyəyə ötürülür. Türkiyə tərəfi isə bu qazı Naxçıvanla sərhəddə yerləşən İğdır, oradan isə Muxtar Respublikaya ötürüləcək”.

İğdırdan Naxçıvana ötürüləcək təbii qazın həcmlərini və vaxtı isə bu gün imzalanacaq Anlaşma Memorandumdan sonra məlum olacaq: “Bu gün Anlaşma Memorandumu imzalanır və bunun üçün hüquqi əsas yaradılır. Bu, bu işlərin başlanılması üçün bir təminat verəcək”.

Qeyd edək ki, təbii qazın İğdırdan Muxtar Respublikaya ötürülməsi üçün yeni boru kəməri qurulacaq.

Layihəni Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ həyata keçirəcək.

0

Your Cart