SOCAR-da bu ilin 9 ayının maliyyə-təsərrüfat fəaliyyəti müzakirə olunub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə şirkətin 2020-ci ilin 9 ayının maliyyə-təsərrüfat fəaliyyətinin yekunları ilə əlaqədar onlayn iclas keçirilib
“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, R.Abdullayev çıxışında qlobal pandemiya ilə əlaqədar hesabat dövrünün bütün iri neft və qaz şirkətləri üçün ağır keçdiyini qeyd edib, hazırkı şəraitdə qənaət rejiminin vacibliyindən danışıb, SOCAR-ın bu yolla maksimum səmərə əldə etməsinin zəruriliyini vurğulayıb.

Sonra şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov 9 ayın iqtisadi göstəriciləri ilə bağlı hesabatı təqdim edib. Hesabatda bildirilib ki, OPEC+ razılaşmasının şərtlərinə əsasən, neft hasilatının müvəqqəti azaldılmasından irəli gələn islahat və optimallaşdırma tədbirləri diqqət mərkəzindədir.
Ötən 9 ay ərzində istehsal edilmiş məhsulun satışından (sırf ticarət əməliyyatları istisna olmaqla) şirkətin hesabına 4,1 milyard manat ümumi pul vəsaiti daxil olub ki, bunun da 2,8 milyard manatı (68,3 %) daxili bazarın, 1,3 milyard manatı (31,7 %) isə xarici bazarın payına düşür.
2019-cu ilin analoji dövrü ilə müqayisədə şirkətin istehsalat və xidmət fəaliyyətindən daxil olan vəsaitlər 863,7 milyon manat və ya 17 % azalıb. Neft emalı və neft-kimya məhsullarının ixracından əldə edilən vəsaitlərdə artım müşahidə olunub, azalma isə əsasən xam neftin ixracından əldə edilən vəsaitlərdə və neft məhsullarının daxili bazarda satışında qeydə alınıb.
S.Qasımov məxaric maddələri üzrə göstəricilərə diqqət çəkərək vurğulayıb ki, əməkhaqqı məbləği və sosial müdafiə fonduna ayırmalardan başqa, bütün xərclər üzrə plana qarşı qənaət edilib, şirkətin maliyyə portfeli optimallaşdırılıb, investisiyaların həcmi azaldılıb. Bunun nəticəsində şirkətin xərcləri azaldılıb və proqnoza nisbətən 1,3 milyard manat vəsaitə qənaət olunub.
Beləliklə, dünya bazarlarında lokdaun və neftin qiymətinin aşağı düşməsi nəticəsində SOCAR-ın məhsul satışından daxil olan pul vəsaitləri və buna uyğun olarq xərcləri də azaldılmış, bununla da əməliyyatların dayanıqlığı təmin olunub.

İclasda SOCAR-ın vitse-prezidentləri – Y.Lətifov, X.Məmmədov, M.İsmayılov, D.İskəndərov, “Azneft” İB-nin Baş direktoru Ş.Hüseynov idarə və müəssisələrinin xərclərinin və idarəetmə sisteminin optimallaşdırılması, qənaət rejiminin gücləndirilməsi məsələləri ətrafında fikirlərini bölüşüblər.
SOCAR prezidenti R.Abdullayev iclasa yekun vuraraq bildirib ki, şirkətin bütün strukturlarında rəqəmsallaşma irəliləməli, vəsaitlərə maksimum qənaət olunmalı, 2021-ci ilin gəlir və xərclər smetası yaxın dövrdə hazırlanıb təqdim edilməlidir. Dünya bazarlarında hökm sürən çətin iqtisadi vəziyyət yeni çağırışlar gətirməklə, SOCAR-da aparılan islahatları da sürətləndirib.
R.Abdullayev qeyd edib ki, aparılan islahatlar nəticəsində SOCAR-ın dayanıqlığı daha da artacaq, şirkət hazırkı böhrandan daha güclü çıxacaq.