logo

Azərbaycanda neft hasilatı 8 ayda 1,8 milyon ton azalıb

Views: 194

2020-ci ilin yanvar-avqust aylarında, operativ məlumatlara əsasən, Azərbaycanda 23,2 milyon ton neft və kondensat hasil edilib. 

Caspian Barrel-ə Azərbaycan energetika nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hasilat göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən 1,8 milyon ton aşağı düşüb. 

Respublika üzrə hasil edilmiş neftin 16 milyon tonu və ya 69%-i “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun, 4,8 milyon tonu (20,7%) SOCAR və digər əməliyyat şirkətlərinin, 2,4 milyon tonu (kondensat) isə “Şahdəniz”in (10,3%) payına düşüb. 

2020-ci ilin səkkiz ayında Azərbaycandan 19,2 milyon ton neft və kondensat  ixrac edilib. Bu, 2019-cu ilin yanvar-avqust aylarına nisbətən 1,7 milyon tonvə ya 8 faiz azdır. 

İxrac edilən maye karbohidrogenlərin 18,4 milyon tonu AÇG və “Şahdəniz” yataqlarından, 0,8 milyon tonu isə SOCAR və digər əməliyyat şirkətlərinin balansında olan yataqlardan həyata keçirilib.

Qeyd edək ki, Azərbaycanda hasilatın nəzərəçarpacaq dərəcədə azalması ölkənin OPEK+ çərçivəsində götürdüyü öhdəliklərdən və yataqların hasilat üzrə zirvə göstəricisindən daha çox uzaqlaşma dövrü ilə əlaqədardır. 

Azərbaycanın ən böyük neft yataqlar bloku AÇG-də hasilatın zirvə anı 10 il əvvələ təsadüf edib, hasilatın davam etdiyi digər yataqlarda isə bu göstərici Sovet zamanı qeydə alınıb.

0

Your Cart