Prezident İlham Əliyev bu gün “LUKOYL” şirkətinin prezidenti Vahid Ələkbərovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
V.Ələkbərov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.
Prezident İ.Əliyev, həmçinin V.Ələkbərovu anadan olmasının 70 illiyi münasibətilə də təbrik edib.
“Sizin peşəkarlığınız və təşkilatçılıq istedadınız sayəsində bu gün “LUKOYL” dünyada ən iri neft-qaz şirkətlərindən biridir. “LUKOYL” şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan-Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır. Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzu edirəm”, – deyə təbrikdə bildirilir.