logo

İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib

Views: 478

Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.

“Bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib”, – deyə məlumatda bildirilir.

Xəbər verildiyi kimi, SOCAR və “Equinor” şirkətləri cari ilin mart ayında Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər. Yatağın məhsuldar layları 3,4 kilometr dərinlikdə yerləşir. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır.

Növbəti mərhələ stansionar dəniz özülünün quraşdırılması və hasilata başlanılmasıdır.

Daha əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, “Qarabağ” yatağından hasilata 2021-ci ildə başlanılacağı gözlənilir.

Yatağın ilkin işlənmə layihəsi 12 quyunun – 6 neft hasilatı, 3 qaz və 3 suvurma quyusunun qazılmasını nəzərdə tutur. Yataqdan hasil edilən neft və qaz “Günəşli” yatağındakı infrastruktur vasitəsilə sahilə çatdırılacaq.

31 may 2018-ci il tarixində Bakıda SOCAR və “Equinor” arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalanıb. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb.

“Qarabağ” yatağı Bakıdan 120 km şərqdə yerləşir. Yatağın ərazisində dənizin dərinliyi 180 metrdir.

interfax

0

Your Cart