logo

Çavuşoğlu: Türkiyə yaxın illərdə Azərbaycandan qaz alışını artıracaq

Views: 309

Türkiyə gələcək illərdə Azərbaycan qazının alış həcmini artıracaq. Bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.

“Azərbaycan Türkiyəyə təbii qaz nəqli üzrə artıq birinci yerdədir. Gələcək illərdə biz Azərbaycandan qaz alışı həcmini artıracağıq”, – Çavuşoğlu bu gün Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bildirib

O məlumat verib ki, Cənubi Qafqaz regionunda Azərbaycanla reallaşdırılan logistika layihələri ilə yanaşı hazırda reallaşdırılmasına “çox böyük önəm verilən” daha iki layihə var.

“Söhbət Qars-Naxçıvan dəmir yolu və Türkiyə-Naxçıvan qaz kəmərinin tikintisindən gedir. Eyni zamanda, Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqlini nəzərdə tutan layihə böyük strateji əhəmiyyət kəsb edir”, – Çavuşoğlu bəyan edib.

Nazir vurğulayıb ki, Türkiyə və Azərbaycan “qarşılıqlı ticarət və sərmayələrin həcmini mütləq artıracaqlar”, həmçinin mədəniyyət və təhsil sahələrində əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər.

“Biz Azərbaycan XİN başçısı ilə bu məsələləri müzakirə etdik. Əlbəttə ki, iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlıq çox vacibdir, lakin bütün sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün səylərimizi davam etdirəcəyik”, – Çavuşoğlu bildirib.

Xəbər verildiyi kimi, 2020-ci ilin mart ayında Azərbaycan Türkiyəyə qaz ixracının həcminə görə lider olub. Aprel və may aylarında bu liderliyini qoruyub saxlayıb. İyun ayı üzrə hələlik məlumat yoxdur.

Azərbaycan qazı Türkiyəyə yalnız “Şahdəniz” yatağından “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində nəql olunur. 2019-cu ildə Azərbaycan Türkiyəyə “Şahdəniz” yatağından hasil edilmiş 9 milyard 584,78 milyon kubmetr qaz (artım 27,3%) ixrac edib.

Ümumi uzunluğu 160 km təşkil edən İqdır-Naxçıvan qaz kəmərinin tikinti məsələsi fevralın 25-də Bakıda Rəcəb Tayyp Ərdoğanın Azərbaycana rəsmi səfəri zamanı müzakirə olunub.

Türkiyə prezidenti bəyan edib ki, bu layihənin reallaşdırılması Naxçvanın qaz təchhizatını mühüm dərəcədə yüngülləşdirəcək.

Türkiyədən Naxçıvana qaz nəqli və qaz kəmərinin tikintisi sazişi 2010-cu ilin iyul ayında imzalanıb. Sazişə əsasən, Türkiyədən 500 milyon kubmetr həcmində qazın Naxçıvana ödənişsiz nəqli nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas ərazisi ilə ümumi sərhədə malik deyil və İran, Ermənistan və Türkiyə ilə həmsərhəddir. Hazırda NMR-ə qaz tədarükü İran ərazisi vasitəsilə həyata keçirilir. Hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir. Lakin NMR-nin enerji təhlükəsizliyi üçün Naxçıvana ikitərəfli qaz verilməsi məqsədəuyğundur: İrandan və Türkiyədən.

interfax

0

Your Cart