ARB 24 televiziya kanalının müxbiri Faiq Abasquliyev müsbiqədə iştirkçıları arasında ən yüksək nəticə göstərərək qalib olub.
SOCAR AQŞ-nin 22 iyul – Milli Mətbuat Gününə həsr edilmiş “Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsinin nəticələri məlum olub. Müsabiqəyə təqdim olunmuş 64 materialdan 32-si mükafatlandırılıb.
SOCAR-AQŞ”dən bildirilib ki, 30 qalib seçilməsi planlaşdırılırdı, lakin jüri qiymətləndirməsi nəticəsində 30, 31 və 32-ci yerlərdə olan jurnalistlərin balları eyni olduğu üçün onların hər üçü qalib kimi qəbul olunub.
Həmçinin material göndərmiş digər jurnalistlərə də SOCAR AQŞ tərəfindən xüsusi hədiyyələr təqdim ediləcək. Bir neçə material isə müsabiqə şərtlərini pozduğu üçün (plagiat, başqa tarixdə yayımlanma və s.) müsabiqəyə daxil edilməyib.
Layihə SOCAR AQŞ kollektivinin müəssisə daxilində yaratdığı “Koronavirusla mübarizə üçün ianə fondu”nun təşəbbüsü və maliyyəsi, “INPRESS PR Solutions” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilib.
SOCAR AQŞ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbinə Əkbərova bildirib ki, layihənin məqsədi həm jurnalistləri təbrik etmək, həm də koronavirusla bağlı ictimaiyyətin məlumatlanmasına dəstək olmaqdır: “Məqsədimizə çatdıq – koronavirusla bağlı maarifləndirici materialların hazırlanmasını stimullaşdırdıq və müsabiqədə iştirak edən bütün jurnalistlər cəmiyyətə fayda vermiş oldu. İlk 32 jurnalist üçün zamanın nəbzini tutmalarına və sağlamlıqlarını qorumalarına dəstək olmaq üçün ağıllı saatlar, digər 32 jurnalist üçün isə müasir jurnalistin fəaliyyəti zamanı ona lazım olacaq faydalı və dəyərli hədiyyələrimiz var”.
Ölkədəki karantin qaydaları səbəbindən, müsabiqənin nəticələri ilə bağlı tədbir keçirilməyəcək.
Müsabiqənin yekunu olaraq, saglamxeber.az saytı yaradılıb və həm müsabiqənin nəticələri, həm də təqdim olunmuş materiallar bu saytda yerləşdirilib.