Mərkəzi Asiyanın iri qaz hasilatçısı Özbəkistan ənənəvi enerjidən daxili bazarda daha rasional istifadə etməyi planlaşdırır. Bununla əlaqədar olaraq hökumət ölkənin elektrik enerjisinə olan tələbatını orta perspektivdə yaşıl enerji hesabına ödəməyi düşünür.
Bu məqsədlə Özbəkistanın Energetika nazirliyi hazırda beynəlxalq ekspertləri cəlb edilməklə Milli Azkarbonlu İnkişaf Strategiyasının hazırlanması üzərində işləyir.
Energetika nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, sənəd ətraf mühitə daha az mənfi təsir göstərəcək elektrik enerjisi istehsalına keçidi əks etdirir. Söhbət aşağı səviyyədə istixana qaz tullantıları yarada biləcək elektrik enerjisi istehsalından gedir.
Xatırladaq ki, cari ilin may ayında Asiya İnkişaf Bankı və Dünya Bankının iştirakı ilə hazırlanan “Özbəkistanın 2020-2030-cu illər üçün elektrik enerjisi ilə təmin edilməsi” Konsepsiyası qəbul edildi. Konsepsiya mövcud elektrik stansiyalarının modernləşdirilməsini və bərpa olunan enerji mənbələri və tikilməsi planlaşdırılan atom elektrik stansiyası vasitəsilə yeni növ enerji istehsalını nəzərdə tutur. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində Özbəkistan hökuməti 2030-cu ildə 2010-cu ilə nisbətən istixana qazı tullantılarının emissiyasını 10% azaltmağı planlaşdırırlar.
Sözügedən Konsepsiya əsasında hal-hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının mütəxəssislərinin iştirakı ilə Özbəkistanın Milli Azkarbonli İnkişaf Strategiyası hazırlanır. Energetika nazirliyi bunun vacibliyini bir tərəfdən ölkənin enerji təchizatı problemlərinin həlli, digər tərəfdən isə ətraf mühitə vurulan təsirlərin azaldılması ilə izah edirlər.
Sənəd Özbəkistanda azkarbonlu enerjiyə keçidin bərpa olunan enerji istehsalının xüsusi çəkisinin artırılması hesabına artırmağı nəzərdə tutur. Plana görə, 2030-cu ilə qədər Özbəkistan ümumi gücü 3 giqavat olan külək elektrik stansiyalarının, ümumi gücü 5 giqavat olan günəş elektrik stansiyalarının, habelə 2.4 giqavat gücünə sahib atom elektrik stansiyasının istismara verilməsi gerçəkləşməlidir.