logo

SOCAR maliyyə göstəricilərini açıqladı

Views: 136

2019-cu ilin audit edilmiş hesabatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xalis mənfəəti 651 milyon manat, uzunmüddətli aktivləri 46,2 milyard manat, nağd pul vəsaitləri isə 7,1 milyard manat təşkil edib.

SOCAR-ın cari aktiv və cari öhdəliklərində 1%-dən aşağı nisbətdə cüzi azalma qeydə alınıb.

Hesabat ilində şirkətin ümumi gəlirləri 83,8 milyard manat təşkil eedib.

Bu göstəricinin mühüm hissəsi üçüncü tərəflərin neft və neft məhsulları ilə aparılan ticarət əməliyyatlarının payına düşür. Ötən il üçüncü tərəflərdən alınıb-satılan xam neft və neft məhsullarının ümumi dövriyyəsinin məhdudlaşdırılmasına baxmayaraq, ticarət əməliyyatlarının effektivliyi və onların mənfəət nisbəti artırılmışdır.

Hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınmış, bunun da 63,7 milyard manatı İsveçrədəki SOCAR Trading və SOCAR Energy Holding şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşmüşdür.

Mənfəət nisbəti yüksək olan istehsal və nəql kimi sahələrdə ötən il şirkətin gəlirləri artmaqda davam etmiş, bu artım Türkiyədə 88,6%, Gürcüstanda isə 4,3% təşkil etmişdir.

2019-cu ildə müvafiq olaraq, xam neftin satışından 51,1 milyard manat, neft məhsullarının satışından isə 22,2 milyard manat gəlir əldə olunmuşdur.

Şirkətin gəlirlərində ən böyük artım 25%-lə təbii qazın satışında qeydə alınmışdır ki, bunun da səbəbi “Şahdəniz-2” layihəsində və Ümid yatağında hasilatın yüksəlməsidir.

SOCAR 2019-cu ili mənfəətlə başa vurmuşdur. Audit olunmuş maliyyə hesabatlarına görə, şirkətin cəmi mənfəəti 5,8 milyard manat, xalis mənfəəti 651 milyon manat, cari aktivləri 19,2 milyard manat, cari öhdəlikləri isə 17,3 milyard manat təşkil etmişdir.

Uzunmüddətli aktivlər 46,2 milyard manat, uzunmüddətli öhdəliklər isə 23,8 milyard manat olmuşdur. Hesabat dövründə SOCAR-ın cəmi kapitalı 24,3 milyard manatdan çox olmuş, nağd pul vəsaitləri isə 7,1 milyard manata yüksəlmişdir.

Ötən il SOCAR bəzi törəmə müəssisələrində iştirak payını artırıb: SOCAR Polymer şirkətində onun payı 52,15%-dən 57,01%-ə, Bakı Gəmiqayırma Zavodunda 70,21%-dən 87,47%-ə yüksəlib.

Qeyd edək ki, şirkətin 31.12.2019-cu il tarixinə hazırlanmış maliyyə hesabatları, əvvəlki illərdə olduğu kimi, nüfuzlu beynəlxalq audit şirkəti Ernst & Young Holdings (CIS) B.V. tərəfindən müsbət rəy veriləndən sonra ictimaiyyətə təqdim olunur. 

SOCAR-ın 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına bu keçiddə baxa bilərsiniz.

SOCAR mətbuat xidməti

0

Your Cart