logo

III rübdə Azərbaycan-İtaliya Strateji Dialoqunun ilk iclası keçiriləcək

Views: 205

Dövlət başçısının cari ilin fevral ayında İtaliya səfəri zamanı qarşıya qoyulmuş hədəflərin, imzalanmış sənədlərin icra vəziyyətinin müzakirəsi məqsədilə Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyanın həmsədrləri, Energetika naziri Pərviz Şahbazov və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət katibi Manlio Di Stefanonun iştirakı ilə videokonfrans keçirilib.

Azərbaycan Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, videokonfransda Azərbaycanın Xarici İşlər, İqtisadiyyat nazirlikləri, SOCAR, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Dövlət Neft Fondunun, İtaliya tərəfdən isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi və bir neçə şirkətin nümayəndələri də iştirak edib.

Koronavirus (COVID-19) pandemiyası dövründə cari vəziyyət və beynəlxalq əməkdaşlığın perspektivləri, ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb. COVID-19-la mübarizədə Azərbaycanda həyata keçirilən tədbirlər, Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə edilməsi, həmçinin pandemiyadan əziyyət çəkən ölkələrə, o cümlədən İtaliyaya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə humanitar yardım göstərilməsindən bəhs edilib.

2020-ci ilin yanvar-aprel aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 13,82% artaraq 2,554 mlrd ABŞ dolları olduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu il idxal 14,50%, ixrac isə 13,77% artıb. Cari ilin dörd ayında İtaliyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 26,36% (1-ci yer), o cümlədən ixracda 38,15% (1-ci yer), idxalda isə 4,39% (6-cı yer) təşkil edib. İxracda artımda xam neft və maye yanacağı əsas rol oynayıb.

Komissiyanın həmsədri, Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 20-21-də İtaliyaya dövlət səfəri iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından tarixi bir səfər oldu: “Dost və tərəfdaş ölkələrin siyasi və iqtisadi münasibətlərinə strateji yanaşmalarını daha da möhkəmləndirən bu səfər zamanı Azərbaycan-İtaliya tərəfdaşlığının bütün sahələrdə, eləcə də regional və qlobal səviyyələrdə faydalarını görəcəyimiz razılaşmalar əldə edildi. Pandemiyanın çətinliklərinə baxmayaraq çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsi üzrə Fəaliyyət Planının icrası üçün səylərimizi gücləndirməliyik.”

Bu məqsədlə yüksək səviyyəli səfərlərin davam etdirilməsi, Azərbaycan-İtaliya Strateji Dialoqunun üçüncü rübdə ilk iclasının, XİN-lərarası siyasi məsləhətləşmələrin isə növbəti iclasının keçirilməsi, parlamentlərarası əməkdaşlığın və beynəlxalq təşkilatlar çərçivəsində təmasların gücləndirilməsi məqsədəuyğun hesab edilib.

TAP layihəsinin icrası ilə bağlı irəliləyişlərə görə İtaliya hökumətinə təşəkkür edən nazir bildirib ki, “Cənub Qaz Dəhlizi”nin tam istismara verilmə mərasimində İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konteni görməkdən məmnun olardıq.

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət katibi Manlio Di Stefano mürəkkəb dövrdə Azərbaycanın Prezidentinə və hökumətinə köməyə görə təşəkkür edib. Bu dəstəyi Azərbaycan və İtaliyanın təkcə strateji tərəfdaşlığının deyil, həmçinin səmimi dostluğunun göstəricisi kimi qiymətləndirib. Azərbaycan Prezidentinin BMT Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə İtaliyanın dəstəyi ifadə olunub. Manlio Di Stefano deyib ki, Azərbaycan İtaliyanın mühüm tərəfdaşıdır: “Azərbaycan ötən il İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Azərbaycan Prezidentinin dövlət səfəri isə iki ölkənin güclü enerji əməkdaşlığına əsaslanan münasibətlərinin yeni mərhələdə çoxtərəfli inkişafı üçün möhkəm təməldir.”

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, o cümlədən investisiya əməkdaşlığının genişləndirilməsi məqsədilə təkliflər nəzərdən keçirilib. Səfər çərçivəsində “Ansaldo Energia”, “Snam S.p.A”, Cassa Depositi Prestiti SpA, “Leonardo, “IMA” şirkətiləri, İtaliya Ticarət Agentliyi (ICE) və “Simest” ilə imzalanmış əməkdaşlıq sənədlərindən irəli gələn məsələlər müzakirə edilib. Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə CDP, SACE, “Simest” şirkətləri arasında işlərin sürətləndirilməsi tövsiyə edilib. “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında qarşılıqlı sərmayələrin qorunması və təşviqi haqqında Saziş” və “Azərbaycan İqtisadiyyat Nazirliyi ilə İtaliyanın Guardia di Finanza arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihələrinin qısa vaxtda razılaşdırılmasının vacibliyi qeyd olunub. 

0

Your Cart